Azərbaycan mis şirkətinin yaradılması planı paniranistlərin narazılığına səbəb olub

İran prezidenti İbrahim Rəisinin Şərqi Azərbaycan əyalətinə səfəri zamanı Azərbaycan mis şirkətinin təsisi haqda fərmanı paniranistlərin arasında narazılığa səbəb olub.

Azərbaycan Mis Şirkəti təsis edildiyi təqdirdə əyalətin Vərziğan bölgəsində yerləşən və İranın mis ehtiyatlarının təxminən yarısını ehtiva edən Süngün mis mədəninin Kirman əyalətinə tabe olmasına son qoyulacaq.

Şirkətin təsis edilməsi ilə bağlı xəbərin yayılmasından sonra paniranistlərə yaxın çevrələr sosial şəbəkələrdə plana qarşı çıxaraq, onun gerçəkləşməsinin qarşısını almaq məqsədilə təzyiq vasitəsi kimi adəta ictimai rəy formalaşdırmağa çalışıblar.

Rza Müəzzinzadə adlı bu şəxslərdən biri yazıb:

“Cənab Rəisi, bir təbrizli olaraq doktor Cəlilinin önərisi ilə seçkilərdə sizə səs verdim. Əgər yerli medianın Azərbaycan müstəqil mis şirkətinin yaradılması ilə bağlı göstəriş verdiyiniz haqda xəbəri doğru olsa, təəssüf vericidir. Ölkə kültürəl separatçılıq hücumu ilə üz-üzə olduğu bir halda yerli iqtisadi müstəqillik üçün qığılcım alovlanır.”

Rəsmilərin açıqlamalarına görə, Ehtiyatlarının 320 milyard dollar dəyərində olduğu təxmin edilən mədəndən hər gün 2 milyon dollar dəyərində 1000 ton mis konsentratı xam mal kimi Kirman əyalətinə gedir və orada emal olunur. Beləliklə də yerli əhali bu mədənin gəlirlərindən məhrum qalır.

Azərbaycan Mis Şirkətinin yaradılması tələbi  bir neçə ildir ki, Şərqi Azərbaycanın millət vəkilləri, valiləri və yüksək vəzifəli şəxsləri tərəfindən irəli sürülür, ancaq hər dəfə İranın mis sənayesinin rəsmiləri tərəfindən müxtəlif bəhanələrlə təxirə salınır. Beləliklə də Təbriz deputatı Məsud Pezeşkiyanın dediyi kimi mədənin çevrəyə vurduğu ziyan azərbaycanlıların, gəliri isə Kirman əyalətinin payına düşür.

Rəsmi rəqəmlərə görə, Orta Doğunun ən böyük mis mədəni kimi tanınan Süngün İranda istehsal edilən mis konsentratının yüzdə 30-nu təmin edir.

Qeyd edək ki, mis mədəninin fəaliyyəti ilə bağlı çevrəyə dəyən ciddi ziyanın qarşılanmaması dəfələrlə yerli əhalinin, o cümlədən də millət vəkillərinin etirazına səbəb olub.

Mədənin buraxdığı zəhərli maddələrin nəticəsində məntəqədəki torpaq və yeraltı suları, eləcə də çevrə təhlükəli maddələrlə çirkləndirilir.

Vərziğan bölgəsinin məclisdəki millət vəkili Allahverdi Dehqaninin dediyinə görə, mədənin çevrəni çirkləndirməsi nəticəsində Qaradağ meşələri 100 il ərzində tamamilə məhv olacaq.

Dehqani daha əvvəl mədənin illik 12-14 min milyard tümənlik gəlirindən yüzdə birinin Qaradağ meşələrinin qorunması üçün ayrılmasını tələb etmişdi.

Süngün mis mədəninin tullantıları

Deputat həmçinin bildirib ki, Süngün mədənində fəaliyyət göstərən müəssisə məhkəmə tərəfindən 78 milyard tümən cəriməyə məhkum edilib və bu cərimənin 40 milyard tüməni dövlət xəzinəsinə ödənilib. O ödənilən məbləğdən meşələrin bərpası üçün heç bir vəsait ayrılmayıb.

Ilqına çayının rəngi mədən tullantılarının buraxılması ilə dəyişib

İlgili xəbərlər