İranın müxtəlif şəhərlərində təqaüdçülərin növbəti etiraz aksiyası davam edir

İranın onlarla şəhərində təqaüdçülərin iyunun 6-sından başlayan növbəti etiraz aksiyası bu gün də davam edib.
Təqaüdçülər aldıqları əmək haqlarının cari ilin inflyasiyasına uyğun olmadığına, əmək haqlarının artırılması ilə bağlı verilən vədlərin yerinə yetirilmədiyinə etiraz edirlər.
Onlar aldıqları pensiyanın minimum istehlak səbətinin real normasına qədər artırılmasını tələb edirlər, ancaq hökumət hətta Ali Əmək Şurasının minimum əmək haqqının 38 faiz artırılması haqqında qərarını belə tətbiq etməkdən imtina edib.
İyunun 5-də hökumətin yalnız minimum əmək haqqı olmayan pensiyaçıların maaşlarını 10 faiz artıracağını elan etməsindən bir gün sonra etirazçılar küçələrə axışıb.
Etirazlarda hökumətə qarşı sərt şüarlar səsləndirilib.
İranın müxtəlif şəhərləri ilə yanaşı Təbrizdə də geniş etirazlar keçirilib. İyunun 6-da təqaüdçülərin Təbrizin Əmək və Sosial Rifah İdarəsinin qarşısından başlayaraq Abrəsan küçəsindən keçib valilik binası qarşısına qədər davam edən aksiyaları digər vətəndaşların da qatılması ilə hökumətə qarşı mitinqə çevrilib, “Rəisiyə ölüm”, “ləyaqətsiz nazir istefa, istefa”, “vədlər yetər, süfrələrimiz boşdur”, “ölüm olsun xalqı aldadan dövlətə” şüarları səsləndirilib.
Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəm narazı təqaüdçülərlə görüşüb və onların problemlərinin diqqətdə saxlanılmasına söz verib.