Urmiyada kürdlər arasında silahlı qarşıdurma, “6 nəfər saxlanılıb”

Güney Azərbaycanın Urmiya (Urmu) şəhərində kürdlər arasında silahlı qarşıdurma yaşanıb.
Məlumata əsasən, hadisə iyunun 6-da axşam saatlarında Urmiyanın Azadeqan küçəsində baş verib.
Silahlı insident zamanı “Pejo” markalı avtomobilin sərnişinləri “Kalaşnikov” silahı ilə “Toyota Prado” markalı avtomobilin sərnişinlərinə atəş açmağa başlayıblar.
Urmiyanın polis komandiri Həsən Şeyxnejad silahlı qarşıdurmanın ailələr arası münaqişə zəminində baş verdiyini açıqlayıb.
Onun sözlərinə görə, polis əməliyyatı zamanı iki maşın və bir “Kalaşnikov” silahı ələ Keçirilib.
Qərbi Azərbaycan əyalətinin məhkəmə sədri Nasir Ətəbati isə ayrıca müsahibəsində ailə münaqişəsinin “iki tayfa” arasında olduğunu və bir neçə nəfərin yaralandığını bildirib.
O, qarşıdurma ilə bağlı 6 nəfərin həbs edildiyini açıqlayıb.
Ədliyyə rəsmisinin sözlərinə görə, qarşıdurma heç kimin ölümünə səbəb olmasa da, cəmiyyətdə qorxu yaradıb.
Hadisə azərbaycanlı fəalların da reaksiyasına səbəb olub.
Türkiyədə yaşayan güney azərbaycanlı jurnalist Pərviz Yari öz Twitter hesabında yazıb:
“Nədən Qərbi Azərbaycanda hər münaqişə silahlı qarşıdurma ilə nəticələnir?
Bu həcmdə silahlar bölgəyə necə gətirilib? Bu silahların kimlərə qarşı istifadə olunacağı planlaşdırılır? Hansı qruplaşmalar, hansı qurumların yaşıl işığı ilə bu əyaləti silah anbarına çevirib? Məqsədli bir planlamı qarşı- qarşıyayıq?”
Leyla Akson adlı digər bir istifadəçi isə İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi iddia olunan kürd qaçaqçı Naci Zindəştinin bölgədə sərbəstcə silahlı hərəkət etməsinə toxunaraq yazıb: “Zindəşti və adamlarının silahlı şəkildə hərəkət etmələrinin qarşısında sükut etmək, bugünkü silahlı qarşıdurma üçün yaşıl işıq idi”.