İran yeni nəsil sentrifuqaların istehsalını və quraşdırılmasını sürətləndirir

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurasının qərarına cavab olaraq, yeni nəsil sentrifuqaların, o cümlədən IR-6, IR-4 və İR-2M-in istehsalını və quraşdırılmasını sürətləndirəcək.

Bu barədə İSNA xəbər agentliyi “məlumatlı mənbəyə” istinadən xəbər verib.

Mənbə İSNA -ya bildirib ki, son bir neçə gündə atılan addımlarla bağlı lazımi bilgilər Beynəlxalq Atom Enerjisi Agentliyinə təqdim olunub.

Bu arada Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki,  İran nüvə obyektlərində 27 kameranı söndürmək prosesinə start verib.

Bu obyektlər Nətənz, İsfahan, Tehran və Ərakda yerləşir.

Onun sözlərinə görə, İranın nüvə obyektlərində agentliyin 40 kamerası qalacaq.

Qrossi, eyni halda deyib ki, MAQATE-nin İranın nüvə proqramına nəzarət etmək üçün, müfəttişlər də daxil olmaqla başqa yolları var.

Qeyd edək ki, dünən Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər şurası səs çoxluğu ilə İranı qınayan qətnamə qəbul edib.

Sənəddə İrandan öhdəliklərinə əməl etməsi və qaranlıq qalan məsələlərlə bağlı dərhal agentliyin suallarına cavab verməsi tələb olunur.

İslam Respublikasının Xarici İşlər Nazirliyi qətnaməyə reaksiya verərək bəyan edib ki, İran “MAQATE-nin qeyri-konstruktiv yanaşmasına cavab olaraq modern  sentrifuqaların quraşdırılması və kameraların fəaliyyətinin dayandırılması da daxil olmaqla, qarşılıqlı praktiki addımlar atmağa başlayıb”.

İlgili xəbərlər