İslam Respublikasının yüksək rütbəli hərbçilərinin Rusiya səfiri ilə görüşü təpkilərə səbəb olub

İranın neft naziri Cavad Ovci ilə Sepah və Ordunun bir sıra yüksək rütbəli hərbçilərinin Rusiyanın Tehrandakı səfiri ilə görüşündən yayılan görüntülər sosial şəbəkə istifadəçilərinin reaksiyasına səbəb olub.
İslam Respublikasının rəsmi xəbər agentliyi olan İRNA-nın çərşənbə axşamı, iyunun 8-də dərc etdiyi şəkillər Rusiya səfirliyində keçirilən Rusiya Milli Günü mərasimi ilə əlaqədardır.
Bu şəkillərdən birində İslam Respublikası hərbçilərinin Rusiyanın İrandakı səfiri Levan Caqaryanla görüşmək üçün sıraya düzüldüyü göstərilir.
Digər görüntüdə isə Rusiya səfirinin yanında dayanan İranın neft naziri yazılı mesaj oxuyur.
Bir çox istifadəçi İranın Neft naziri və hərbçilərinin Rusiya səfirliyində olmasını tənqid edərək, bunu “alçaldıcı” adlandırıb.
Bir istifadəçi “İranın neft naziri və Rusiya səfirinin bədən dilləri həqiqətən ürək bulandırır və utandırıcıdır,” yazıb.
Başqa bir istifadəçi isə yazıb ki, “İslam Respublikası artıq Rusiyanın müstəmləkəsi olduğunu açıq şəkildə göstərməkdən çəkinmir” və əlavə edib: “Bir ölkənin hərbçiləri yalnız işğal altında olduğu təqdirdə işğalçı ölkənin səfirini ziyarət edərlər”.
“Digər bir istifadəçi isə görüşü “komandirin əsgərləri ilə görüşü” kimi qiymətləndirib.
Daha əvvəl də Rusiyanın İrandakı səfirinin bəzi hərəkətləri, o cümlədən diplomatiya işçiləri günü rus şairi və diplomatı, 1828-ci ildə Türkmənçay sülh müqaviləsinin imzalanmasındakı rolu olan Aleksandr Qriboyedovun heykəli önünə əklil qoyması və ya xaricdə fəaliyyət göstərən farsdilli mətbuatı tənqid etməsi mübahisələrə səbəb oldu.
Səfirin bu qəbil hərəkətləri Rusiyaya qarşı mənfi münasibəti olan İran ictimaiyyətini ciddi şəkildə narahat edir.