Son bir ildə Urmiya gölünün həcmi 36 faiz azalıb

İranın Energetika Nazirliyinin iyunun 8-də yaydığı hesabata əsasən, son bir ildə gölün su həcmi 1.8 milyard kubmetr azalaraq 3.02 milyard kubmetrə çatıb.

məlumata görə, Urmiya (Urmu) gölünün su səviyyəsi isə 1270, 74 metr olmaqla ötən ilin oxşar dövrünə görə 55 santimetr azalıb.

Nazirliyin məlumatında bildirilir ki, gölün sahəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1304 kvadrat kilometr kiçilib və 2273 kvadrat kilometr olub.

Hazırda Urmiya gölünün səviyyəsi ekoloji göstəricilərdən 3,36 metr aşağı, sahəsi 2362 kvadrat kilometr azdır. Su həcmi isə ekoloji su həcmindən 12.48 milyard kubmetr azdır.

Qeyd edək ki, son hesablamalara görə, gölün yüzdə 90-ı quruyub və onun bərpası üçün vəd edilən işlər istənilən yetərli səviyyədə aparılmadığı üçün bölgədə ekoloji problemlər yaşanır.

Son bir neçə həftə ərzində Urmiya gölünün qurumuş yatağından qalxan duz fırtınası Qərbi və Şərqi Azərbaycan əyalətlərində problemlər yaradıb.

İlgili xəbərlər