“İran İnternational” televiziyası: Qərb rəsmiləri kürdlərlə İranın gələcəyini müzakirə edib

Mərkəzi Londonda yerləşən müxalif “İran İnternational” televiziyası məlumat verib ki, bəzi Qərb diplomatları Parisdə iranlı kürd müxalif partiyaların təmsilçiləri ilə görüşüb.
Məlumata əsasən, İran Kürd Partiyalarının Əməkdaşlıq Mərkəzi ABŞ və Fransa diplomatları ilə İrandakı mövcud vəziyyəti və bu ölkədəki kürdlərin gələcəyini müzakirə edib.
Görüşdə İranın iqtisadi vəziyyəti, son həftələrdə baş verən genişmiqyaslı etirazlar, eləcə də İranın regiondakı təhlükəli addımları haqda fikir mübadiləsi aparılıb.
Kürd mənbələri “İran İnternational” televiziyasına həmçinin bildiriblər ki, Amerika səfirliyinin Parisdəki diplomatlarının iştirakı ilə keçirilən neçə saatlıq danışıqların önəmli hissəsi İranın gələcəyi və bu ölkədə yarana biləcək federal idarə sistemi haqqında olub.
Onların dediyinə görə, fransız və amerikalı diplomatlar kürd təşkilatlarından federal sistem haqqında layihə hazırlamalrını istəyiblər.