İran Təhsil Nazirliyi Türkiyənin “iranlı tələbələri cəlb etmək” üçün keçirdiyi sınaqların dayandırılmasını tələb edib

İran Təhsil Nazirliyi Türkiyənin orta məktəblərində oxumaq üçün iranlı şagirdlərin cəlb edilməsinə qarşı çıxıb və bunu dayandırmağa çağırıb.

Nazirlik iddia edib ki, bir sıra xarici özəl qurumlar qanuni icazələri olmadan xaricdə təhsil almaq üçün iranlı şagirdləri cəlb edirlər.

İran Təhsil Nazirliyinin bu təpkisi “Anadolu” xəbər agentliyinin iyunun 6-da bir qrup iranlı şagirdin Türkiyədə orta məktəb təqaüdü almaq üçün imtahan verməsi barədə yaydığı məlumatdan sonraya təsadüf edir.

“Anadolu” xəbər agentliyinin yazdığına görə, İranın Sistan-Bəlucistan və Gülüstan (sünni bəluclar və türkmənlərin yaşadığı əyalətlər) əyalətləri kimi ucqar bölgələrindən olan bu şagirdlər Türkiyənin İmam Xətib liseyində təhsil almaq üçün rəqabət ediblər.

Bu xəbərin dərcindən sonra İran Təhsil Nazirliyinin Beynəlxalq Əlaqələr və Xaricdə Fəaliyyət Göstərən Məktəblər Mərkəzinin rəhbəri Mehdi Fəyyazi iyunun 9-da İran Xarici İşlər Nazirliyinə məktub yazıb.

 “Son zamanlar bəzi xarici özəl qurumlar qanuni lisenziyaları olmadan iranlı şagirdləri cəlb edir və xarici məktəblərdə oxutmaq üçün şagird yığırlar”-deyə, Fəyyazi bildirib.

O, bunun İranın Rəhbəri Əli Xameneyinin tövsiyələrinə zidd olduğunu deyib və Türkiyənin “Yunis Emre” və “Maarif Fondu”nun İranın müxtəlif bölgələrində şagirdləri “aldadaraq” Tehrana çağırdığını, ən istedadlılarını seçərək Türkiyəyə göndərib və təqaüd verdiyini iddia edib.

Fəyyazi İran Xarici İşlər Nazirliyindən istəyib ki, məsələni Türkiyə səfirliyinə bildirsin və onlardan bu fəaliyyətin dayandırılmasını tələb etsin.

İranın Mühacirət Monitorinqi Mərkəzi 2020-ci ildə dərc etdiyi hesabatda Türkiyədə iranlı öyrəncilərin sayının 2013-cü ildən bəri təxminən 1300 faiz artdığını və 2017-ci ildə 6000 nəfərə çatdığını bildirib.

İlgili xəbərlər