İran XİN: Çabahar limanına investisiyalar artacaq

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Hindistana səfəri zamanı iki ölkənin Çabahr limanında investisiyaların artırılması və sözügedən bölgədən ən çox fayda əldə etmək üçün lazımi hazırlıqları görməyə razılaşdıqlarını bildirib.

İranın xarici işlər naziri əlavə edib ki, ABŞ-ın sanksiyaları sona çatacaq və davam etməyəcək.

“İlk addımda biz bu sanksiyaların təsirini azaltdıq. Belə ki, bizə qarşı sanksiyaların ən çox tətbiq olunduğu sahələrdə ən çox irəliləyişə nail olduq. Biz müdafiə sahəsində ən çox sanksiyalara məruz qalmışıq, lakin bu sahədə də ən güclü və ən yaxşı nailiyyətləri əldə etmişik. ABŞ-ın digər embarqoları da elm və texnologiya sahəsində irəliləyişimizə mane olmaq məqsədi daşıyırdı, lakin bu gün İran bütün sahələrdə ən yaxşılar sırasındadır,” deyə İranın xarici işlər naziri iddia edib.

O, İranda hakimiyyətə gələn yeni hökumətin sabit iqtisadi gəlişmə proqramını sürətlə inkişaf etdirmək əzmində olduğunu deyib.

“Növbəti addımda biz şübhəsiz ki, ABŞ-ın sanksiyalarını tamamilə neytrallaşdıracağıq, çünki bu sanksiyaların beynəlxalq hüquqda yeri yoxdur,” Əmir Abdullahiyan bildirib.

O, İran və Hindistan arasında siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu vurğulayaraq  İranlı iş adamlarının Hindistandakı mövcud potensialdan tam xəbərdar olduqlarını, əlaqələrin genişləndirməsi üçün çoxsaylı sahələrin mövcud olduğunu qeyd edib.

“Hindistan hökuməti və özəl sektoru Çabaharın ən mühüm investorlarındandır. Təbii ki, bu ölkə hazırda limandan istifadə edir, lakin bu bölgənin şimaldan cənuba və şərqdən qərbə tranzit yollarını birləşdirmək potensialına sahibdir,” deyə Əmir Abdullahian əlavə edib.

İlgili xəbərlər