İranda işdən çıxarılan 2 işçi özünü yandıraraq intihara cəhd edib

Xuzistan əyalətinin Məhşəhr şəhərində 3 illik əmək fəaliyyətindən sonra işdən çıxarılan 2 işçi özlərini yandırmaqla intihara cəhd ediblər.
Bu işçilər Farabi adına neft-kimya zavodunda çalışırdılar.
Yayımlanan videolara əsasən, iş yoldaşlarının vaxtında müdaxiləsindən sonra həmin işçiləri xilas etmək mümkün olub.
Bu son 3 həftədə işçilərin intiharı ilə bağlı ictimailəşən 4-cü xəbərdir.
Bir həftə əvvəl İnsan Haqları üzrə fəaliyyət göstərən HRANA saytı Yasucda bir fəhlənin “on milyon tümən borcunu ödəyə bilməməsi” səbəbindən özünü yandırması barədə məlumat vermişdi.
Daha əvvəl isə işçilərin xəbərlərini əks etdirən İLNA agentliyi bir şirkətdə işləyən fəhlənin “köhnə Qəzvin-Kərəc yolu”nda yerləşən iş yerində özünü asaraq intihar etməsi barədə məlumat yaymışdı.
İctimailəşən digər intihar hadisəsi isə Fars əyalətinin Məməsəni vilayətindəki kəndlərin birində baş verib. Çörək zavodunun iki işçisi iqtisadi təzyiqlər səbəbindən bu ilin may ayında düyü həbi yeyərək həyatlarına son qoyublar.