İran hökuməti etirazlarda Təhlükəsizlik əməkdaşlarının silahdan istifadəsini asanlaşdıran qanun layihəsini parlamentə göndərib

İran parlamentinə təqdim edilən yeni layihəyə əsasən, ölkənin təhlükəsizlik qüvvələrinin, o cümlədən hərbi, polis və hökumət tərəfindən silahlandırılan mülki geyimlilərin silahdan istifadə səlahiyyəti daha geniş vüsət alır.

İranın siyasi, insan haqları və vətəndaş cəmiyyəti fəalları silahdan istifadəyə dair qanun layihəsinin dinc etirazçılara qarşı zorakılıq hallarının artmasına şərait yaradacağından narahatdırlar.

Onların fikrincə, İbrahim Rəisi hökuməti etirazçılara qarşı odlu silahdan istifadə ilə bağlı məhdudiyyətləri ortadan qaldırmaq istəyir.

Hazırkı qanunda qeyri-qanuni nümayişlərdə və silahlı iğtişaşlarda təhlükəsizliyi təmin etmək üçün əməliyyatlar üzrə komandirin əmri ilə yalnız hərbi və hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahdan istifadə etməyə icazə verilir. Ancaq təklif olunan dəyişiklikdə “silahlı qüvvələrin məmurları” ifadəsi “silahlı məmurlar” olaraq dəyişdirilib.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü İbrahim Əzizi bildirib ki, komissiya aidiyyəti qurumların təmsilçiləri ilə birlikdə qanun layihəsini nəzərdən keçirib və layihə ən qısa zamanda məclisin ümumi iclasının gündəliyinə salınacaq. 

“Entexab” xəbər agentliyinin yazdığına görə, yeni layihəyə əsasən, “özlərini qorumaq üçün hüquq-mühafizə orqanları tərəfindən silahlanmış şəxslər” hansısa cinayət işlədiyi təqdirdə “İslam Cinayət Məcəlləsi”nin maddələri əsasında cəzalandırılmayacaq.

Layihəyə görə, İranın təhlükəsizlik qüvvələri onların silahdan istifadəsinin “özünü” müdafiə hesab edildiyi hallarda fidyə ödəməli olmayacaq.

İlgili xəbərlər