Keçmiş diplomat: İranın nüvə dosyesi Təhlükəsizlik Şurasına göndərilə bilər

Keçmiş iranlı diplomat bildirib ki, əgər yaxın üç ay ərzində nüvə məsələsində razılıq əldə olunmasa, növbəti addım İranın dosyesinin BMT Təhlükəsizlik Şurasına göndərilməsi ola bilər.
İran Xarici İşlər Nazirliyinin Yaxın Şərq üzrə keçmiş baş direktoru Qasım Mühibbəli, həmçinin əlavə edib ki, İranın işinin Təhlükəsizlik Şurasına qaytarılması xoşagəlməz nəticələrə səbəb ola bilər.
Rusların İrana mümkün dəstəyi məsələsinə münasibət bildirən diplomat, rus lobbisinin imkanlarının çox zəif olduğunu vurğulayıb.
“Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər şurasında İrana qarşı qətnamə qəbul edilirkən Rusiya digər ölkələrin səslərini İranın xeyrinə dəyişə bilmədi,” deyən diplomat nüvə məsələsində “tərslik” göstərməyin, dayanıb savaşmağın “xalqın və ölkənin xeyrinə olmadığını” qeyd edib.
Bu arada, Almaniya kəşfiyyatı İranın nüvə və raket proqramlarını gəlişdirmək üçün səylərini artırdığını bildirib.
Almaniya təhlükəsizlik xidməti təşkilatı olan Federal Anayasanın Qoruma Teşkilatı (BFV) ötən həftə açıqladığı hesabatda İranın Almaniyada nüvə və raket proqramlarında istifadə olunan qadağan olunmuş texnologiya və material əldə etmək səylərinin əhəmiyyətli dərəcədə artdığına dair danılmaz dəlillərə malik olduğunu bildirib.
Hesabatda həmin cəhdlərin 2015-ci ildə imzalanan nüvə anlaşmasına zidd olması barədə şübhələrin Almaniya rəsmiləri ilə müzakirə edildiyi qeyd olunub.
BFV öz hesabatında İran hökumətinin Orta Şərqdə ən böyük raket inkişafı proqramlarından birini həyata keçirdiyini, bu səylərin keçmiş prezident Həsən Ruhaninin hökuməti dövründə genişləndiyini yazır.