Təbrizdə “Əhmədin Nağılı” adlı türkcə kukla tamaşası səhnəyə çıxarılıb

Höccət Zeynəlinin ssenari müəllifi və rejissoru olduğu “Əhmədin Nağılı” kukla tamaşası Təbrizdə səhnəyə çıxarılıb.
Uşaqlar üçün olan 45 dəqiqəlik türkcə tamaşa 8 iyun tarixindən etibarən yerli vaxtla axşam saat 19:00-da Təbrizin “Naci” kino evində nümayiş etdirilir. Tamaşa 25 iyun tarixinədək davam edəcək.
Höccət Zeynalı bu tamaşanın Azərbaycan xalq kültüründən ilham alaraq yazıldığını və 3 fərqli klassik nağılın birləşməsindən (Tənbəl Əhməd, Kim hamıdan güclü və Tülkünün quyruğu) əmələ gəlidiyini deyib. O, həm də əslində bu nağılı nənəsindən eşitdiyini və modern üsullarla səhnələşdirildiyini bildirib.
Kukla teatrını üç şəxs səhnələşdirir: Hekayəçi, kamança çalan və kuklaları oynadan şəxs.
Tehran Universitetindən kukla teatrı ixtisasından məzun olan Zeynali bu günə kimi çox sayda əsəri səhnələşdirdiyini, ancaq bundan sonra öz ana dilində və öz şəhərində türkcə tamaşaların səhnəyə çıxarılacağına çalışacağını qeyd edib.