Uyarı: İran üçrəqəmli inflyasiyanın astanasındadır

İranın 61 iqtisadçısı açıq məktub yazaraq ölkənin 3 rəqəmli inflyasiya astanasında olduğunu bildiriblər.

İqtisadçıların xalqa müraciət olaraq yazdıqları məktubunda ölkənin iqtisadi durumunun partlayış mərhələsində olduğu barədə xəbərdarlıq edilib.

Hökumətin “iqtisadi cərrahiyyə” adlandırdığı iqtisadi siyasətinə, eləcə də ölkənin iqtisadi və sosial vəziyyətinə münasibət bildirən iqtisadçılar mövcud iqtisadi problemlərin kökünün qeyri-iqtisadi amillərdə olduğunu vurğulayıblar.

Onların fikrincə, “iqtisadi cərrahiyyə” adlandırılan siyasət valyuta məzənnəsinin artması, çoxsaylı şoklar və iqtisadi qeyri-sabitliyin şiddətlənməsi ilə nəticələnib.

Bəyanatı imzalayanlar bildirirlər ki, yeni günəş ilinin (mart 21) başlamasından  bu yana sosial xaos,  vətəndaşların dolanışıq problemləri və iş təhlükəsizliyi ilə bağlı narahatlıqları, eləcə də  iş və gəlir yerlərinin bağlanmasından nigaranlıq partlayış səviyyəsinə çatıb.

Qeyd edək ki, İbrahim Rəisi hökuməti kəskin bahalıq, inflyasiya və ərzaq qıtlığının yaranması ilə nəticələnən un və digər əsas qida məhsullarının subsidiyalarını qəfildən ləğv etməsini “iqtisadi cərrahiyyə” əməliyyatı adlandırır.

Bu termin daha əvvəl 2010-cu ildə də istifadə olunub. Belə ki, İranın o dövrkü Prezidenti Mahmud Əhmədinejad subsidiyalaşdırma islahatları planının (ünvanlı subsidiyaların ləğv edilməsi) layihəsinin icrasına başladığı zaman bu layihəni İranın zəifləmiş iqtisadiyyatı üçün “böyük cərrahi əməliyyat” kimi dəyərləndirmişdi.

İlgili xəbərlər