Sepah ilə əlaqədə şübhəli bilinən bir neçə iranlının olduğu Venesuela təyyarəsi Argentinada saxlanılıb

Venesuela milli aviadaşıyıcısı “Conviasa”-nın yük bölməsi üçün işləyən Boeing 747 təyyarəsi Sepah Qüds Qüvvələri ilə əlaqələr şübhəsi ilə Argentinada saxlanılıb.

Argentinanın təhlükəsizlik naziri Anibal Fernandez şənbə günü Tvitter hesabında yazıb ki, “Hökumət ABŞ-ın sanksiya tətbiq etdiyi Venesuela təyyarəsini Ezeizada (Buenos-Ayresdə hava limanı) dayandırıb və beş iranlı ekipaj üzvünün pasportunu zəbt edib”.

Tvit yerli xəbər saytının təyyarə ilə bağlı xəbəri sızdırmasından sonra yayılıb.

Təyyarə daha əvvəl Sepah-ın Qüds Qüvvələri ilə əlaqəsinə görə, 2008-ci ildən Birləşmiş Ştatlar tərəfindən sanksiyaya məruz qalmış İranın Mahan Hava Yolları üçün fəaliyyət göstərirdi.

Sözügedən təyyarə 1986-cı ildə xidmətə girdiyi vaxtdan Fransız hava yollarına məxsus idi, 2007-ci ildə isə Mahan Hava Yollarına satıldı.

Həmin təyyarə 2022-ci ilin əvvəlində Venesuelanın Conviasa şirkəti “Emtrasur Cargo” adlı yük bölməsi yaratmağa qərar verdikdən sonra bu şirkətin  ilk təyyarəsi oldu. Mahan Hava Yollarından alınmış və ya icarəyə götürülmüş Boeing 747-300M uçağına “Louisa Caceres Arismendi” adı verildi. Daha maraqlısı budur ki, “Emtrasur Cargo”-nun növbəti iki təyyarəsi də Mahan Hava Yolları şirkəti tərəfindən təmin olunub.

Bəzi mütəxəssislərin fikrincə, yeni qurulan yük şirkəti sıx hərbi və iqtisadi əməkdaşlığı olan Karakas və Tehranın birgə müəssisəsi ola bilər.

Argentinanın təhlükəsizlik nazirliyinin təsdiq tvitindən əvvəl Argentina mediası, bu ölkənin hökumətinin göyərtəsində Qüds Qüvvələri ilə əməkdaşlıq etməkdə şübhəli bilinən bir neçə iranlının olduğu Venesuela yük təyyarəsini saxladığını bildirmişdi.

“İnfobae” xəbər saytının məlumatına görə, təyyarənin ekipajı, o cümlədən İran pasportu daşıyan beş nəfər hazırda Ezeiza şəhərindəki bir oteldə saxlanılır və ölkədən çıxışlarına icazə verildiyi təqdirdə yalnız adi uçuş təyyarəsi ilə Argentinadan çıxa bilərlər.

Yük təyyarəsinin bundan öncə Rusiya, Meksika, Belarus, Paraqvay və Serbiyaya uçuşlar etdiyi qeyd olunub.

Təyyarədə qeyri-qanuni yük olmadığı və Argentinadakı bir alıcıya avtomobil hissələri daşıdığı üzə çıxsa da, rəsmilər bu təyyarənin uçuşlarında ekipaj üzvlərinin standartdan iki qat çox olması (5 iranlı, 10 venesuelalı olmaqla 15 nəfər) məsələsindən şübhələnib, onu saxlamağa qərar veriblər.

İlgili xəbərlər