Dolların məzənnəsi tarixi rekord vurdu, hökumət valyuta alverçilərini həbs etdi

İranın valyutası hər gün dəyər itirərkən, İqtisadi Təhlükəsizlik Polisi bazar manipulyasiyası ittihamı ilə 30-dan çox şəxsi həbs edib.

İqtisadi Təhlükəsizlik Polisinin rəis müavini, briqada generalı Söhrab Bəhrami bazar günü “digər belə cinayətkarın” da müəyyən edildiyini, tezliklə onlara qarşı da mübarizə aparılacağını deyib.

“Polis “iqtisadi sistemi pozduqları” üçün bu şəxslərə qarşı tədbir görəcək,” deyə o bildirib və iddia edib ki, bu insanlar İran bazarında ABŞ dollarına yalançı tələbat yaradır və bununla da bazarın sabitliyini pozur.

Son 4 ildə davam edən iqtisadi böhranı kontrol etməkdə uğursuz olan İslam Respublikası tez-tez al-verçiləri və iş adamlarını tələb və ya təklifi saxtalaşdırmaqda ittiham edərək həbs edir.

İran milli valyutası rial sürətlə yüksələn inflyasiya və iqtisadi xaos fonunda hər gün ABŞ dollarına nisbətdə daha da dəyər itirir.

Bazar günü İranda ABŞ dolları rekord həddədək bahalaşaraq 330,000 riali ötüb.

Bu azalma Tehran və dünya gücləri arasında 2015-ci ildə imzalanmış nüvə sazişinin bərpası üçün son ümidlərin söndüyü, Vyanadakı çoxtərəfli danışıqların mart ayından bəri dayandırıldığı bir vaxta təsadüf edir.

Mayın əvvəlindən hökumətin xarici valyutaya qənaət etmək məqsədilə vacib mallar üçün idxal subsidiyalarını ləğv etdikdən sonra ərzaq qiymətləri sürətlə yüksəldi və bir sıra şəhərlərdə hökumət əleyhinə etirazlara səbəb oldu.

İlgili xəbərlər