İsrail vətəndaşlarını İran təhdidinə qarşı uyardı: Ən qısa zamanda Türkiyədən çıxın

İsrailin xarici işlər naziri Yair Lapid Türkiyəyə səfər edən İsrail vətəndaşlarını “ən qısa zamanda” bu ölkəni tərk etməyə çağırıb.

Lapid öz vətəndaşlarına İranın Türkiyədə israillilərə qarşı terror hücumu təşkil edə biləcəyi barədə xəbərdarlıq edib.

Reuters agentliyi İsrail təhlükəsizlik rəsmisinə istinadən xəbər verir ki, Türkiyə Sepah-ın bir neçə şübhəli “əməliyyatçı” üzvünü saxlayıb.

Təhlükəsizlik rəsmisi əlavə məlumat verməyib.

Lapid, “İsrailliləri zərurət olmadığı təqdirdə İstanbula və ya Türkiyəyə getməməyə çağırırıq. İstanbuldasınızsa, mümkün qədər tez İsrailə qayıdın. İstanbula uçuşunuz varsa, onu ləğv edin,” deyib.

İsrailin “Kan” telekanalı iyunun 12-də bildirib ki, bu ölkənin təhlükəsizlik qüvvələri İranın İsrailin Türkiyədəki hədəflərinə hücum cəhdlərinin qarşısını alıb.

Məlumata görə, İsrailin təhlükəsizlik rəsmiləri Ankara rəsmilərinə İranın Türkiyə ərazisində İsrail hədəflərinə hücum etmək planı barədə məlumat verib və hücumların qarşısını almaq üçün onlardan kömək istəyib.

“Planlaşdırılan hücumlar Türkiyədə yerləşən İran şəbəkəsi tərəfindən həyata keçirilməli idi”-deyə, “Kan” televiziyası qeyd edib.

İsrailin yüksək rütbəli siyasi və təhlükəsizlik rəsmiləri son həftələr Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Azərbaycan və Türkiyə kimi İrana qonşu ölkələrə səyahət edən İsrail vətəndaşlarına qarşı cavab hücumları ehtimalından narahat olduqlarını bildiriblər.

İlgili xəbərlər