Rusiya neft bazarlarında İranın yerini alır

Neft tankerlərinin izlənməsi şirkətlərinin hesablamalarına görə, İranın xam neft və qaz kondensatı ixracı Asiya bazarlarında Rusiya ilə rəqabət səbəbindən iki dəfə azalıb.

Tanker izləmə xidmətləri göstərən Kepler şirkəti bildirib ki, ilkin hesablamalar İranın may ayında tankerlərə yüklənmiş xam neft və qaz kondensatının gündə təxminən 400 min barel olduğunu göstərir.

Bu rəqəm apreldə 820 min barel, martda isə 908 min barel olub.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı sanksiyalara görə martın əvvəlindən bu ölkənin Qərbə neft ixracı azalmağa başlayıb və Moskva bu azalmanı kompensasiya etmək üçün Şərqi Asiya bazarlarına ixracını artırıb.

Reuters daha əvvəl bildirmişdi ki, Rusiya Asiya bazarlarında bir barel üçün 30 dollar endirim təklif edir ki, bu da İranın Asiya müştərilərinə, xüsusilə də Çinə önərdiyi endirimdən 10 dollar çoxdur.

Reuters həmçinin İran neftinin ixracının azaldığını vurğulayaraq qeyd edib ki, İranın təxminən 40 milyon barel nefti mart ayından mayın ortalarına kimi şərq sularında, xüsusən də Sinqapurda gəmilərdə qalıb və müştəri gözləyir.

Beləliklə, mart və aprel aylarında İranın tankerlərə yüklədiyi neftin demək olar ki, yarısı müştərisiz qalıb.

Kepler rəsmisi AzadlıqRadiosu-nun farsca bölməsi olan Radio Farda-ya bildirib ki, İranın Asiya sularında müştərisiz qalan neft həcmi son bir ayda 40 milyon barel civarında olub, lakin ilkin hesablamalar İranın may ayında gəmilərə yüklədiyi neftin mart və aprel aylarının yarısı qədər olduğunu göstərir.

Təxminlərə görə, İranın neft məhsulları (dizel, mazut, benzin və s.) ixracı bu ilin yanvar ayının əvvəlindən may ayına qədər dəyişməyib və orta hesabla gündə təxminən 420 min barel təşkil edib.

Başqa təxminlər, İranın ümumi neft ixracının (xam neft, qaz kondensatı və neft məhsulları) keçən ay mart ayı ilə müqayisədə üçdə bir azalaraq gündəlik 933 min barelə çatdığını göstərir.

Ötən ay İran neftinin və neft məhsullarının orta hesabla 630 min barreli Çinə, 111 min barreli Suriyaya, 40 min bareldən azı BƏƏ-yə, qalanı isə naməlum məqsədlərə gedib.

İlgili xəbərlər