İranda aksiyalar: Əmək naziri istefa verdi, sənət naziri məclisdən “sarı kart” aldı

İranda kütləvi etirazların güclənməsi və qiymətlərin artması fonunda Əmək, Kooperasiya və Sosial Rifah naziri Höccətullah Əbdülməliki istefa verib. O, bununla bağlı İran prezidenti İbrahim Rəisiyə müraciətini öz Tvitter hesabında paylaşıb.
Əbdülməliki İbrahim Rəisi hökumətinin fəaliyyətə başlamasından bir ildən az müddətdə istefa verən ilk nazirdir.
O, nazirlər kabinetində koordinasiyanın artırılması üçün istefa verdiyini açıqlayıb.
İran hökumətinin sözçüsü Əli Bahaduri Cəhromi nazirin istefasının prezident tərəfindən qəbul edildiyini bildirib.
Bahaduri Cəhromi əlavə edib ki, İranın birinci vitse-prezidentin iqtisadi koordinasiya və nəzarət üzrə müavini Məhəmməd Hadi Zahidi Vəfa ölkənin Əmək, Kooperasiya və Sosial Rifah naziri təyin ediləcək.
Son həftələrdə təqaüdçülər müxtəlif şəhərlərdə keçirdiyi aksiyalarda nazirin istefasını tələb edərək hökumət və Prezident İbrahim Rəisinin əleyhinə sərt şüarlar səsləndiriblər.
Son günlər Əbdülməlikinin istefası ilə bağlı xəbərlər yayılsa da bu xəbərlər təkzib edilirdi.
Bu arada, bu gün İran parlamentində keçirilən iclasda deputatlar sənət, mədən və ticarət naziri Seyid Rza Fatemi Əminin hesabatından qane olmayıb və ona xəbərdarlıq (sarı kart) ediblər.
Fatemi Əmin nazirliyin qiymətlərə nəzarətdə, eləcə də sənaye sahiblərinə və mədənçilərə dəstəkdə uğursuz olduğu üçün İran parlamentinə hesabata çağırılıb. Deputatlar nazirin cavablarından qane olmadıqlarına görə, ona “sarı kart” xəbərdarlıq edilməsinə səs veriblər.
“Sarı kart” termini İran Məclisində deputatlar vəzifəli şəxslərə xəbərdarlıq verdikdə işlədilir. İran parlamentində hesabat vaxtı deputatlar vəzifəli şəxsin verdiyi cavabdan qane olmadıqda, ona “Sarı kart” (xəbərdarlıq) verirlər. Nazirin bir neçə dəfə sarı kart alması onun impiçment edilməsinə şərait yaradır.