İranda hər il 18 min nəfər yol qəzalarında ölür

İranın Təcili Tibbi Yardım Təşkilatının sədri Cəfər Miadfər ölkədə orta hesabla hər il 18 min nəfərin yol qəzalarında öldüyünü açıqlayıb.
“Yol qəzalarında ölənlərin çoxu 15-40 yaşlı şəxslərdir və qəzalarla bağlı dəyən zərərin hər il 14 milyard dollar olduğu təxmin edilir,” deyə Miadfər bildirib.
Onun sözlərinə görə, ildə 5 milyon təcili yardım xidmətinin təxminən 700 mini yol qəzaları ilə bağlı olur.
Qeyd edək ki, İranın avtomobil yolları dünyanın ən ölümcül yolları arasında yer alır.
İranın nəqliyyat donanmasının çox köhnə olması, avtomobillərin təhlükəsizlik yastıqları, kilid əleyhinə əyləclər və düzgün təhlükəsizlik kəmərləri ilə təchiz olunmaması qəzaların baş verməsində böyük rol oynayır.
Bununla yanaşı ən əhəmiyyətli risk faktorlarından biri də daxili istehsal olan keyfiyyətsiz avtomobillərin qəzalar zamanı dayanıqlılığının olmamasıdır.
Çoxunun dizaynı köhnə xarici modellərdən götürülmüş bu avtomobillər keyfiyyətsizliyinə və sürücülərin ölümünə səbəb olmasına görə tənqid olunur.
Yanvarda ölkənin cənub-qərbindəki Xuzistan əyalətində baş vermiş zəncirvari qəzada tədqiqatçılar 60-dək İran maşınında hava yastıqlarının açılmadığını, bu səbəbdən beş ölüm hadisəsinin baş verdiyini müəyyən ediblər.
Ölkədə istehsal olunan bir çox maşın qəza və sabitlik testlərində çox aşağı nəticələr göstərir. Bəzilərinin isə asanlıqla alovlanmağa meylli olduğu bildirilir.