İranlı alimlərin müəmmalı ölümü: Tehran İsraildən şübhələnir

“The New York Times” qəzeti üç mənbəyə istinadən yazıb ki, İran hökuməti iki aliminin ölümünün İsrail tərəfindən törədilmiş sui-qəsd olduğuna inanır.

İranın nüvə və hərbi proqramında fəal çalışan Kamran Ağamovlayi və Əyyub İntizari adlı iki tədqiqatçı mayın sonunda qəflətən xəstələndilər. Vəziyyətləri getdikcə pisləşən iki alim bir-birindən təxminən 400 mil məsafədə olan iki fərqli şəhərdəki xəstəxanaların reanimasiya şöbələrinə yerləşdirildi. Sonra hər ikisi bir-birindən bir neçə gün fasilə ilə öldü.

Qəzet adını açıqlamayan bir İran rəsmisi və İran hökumətinə yaxın 2 mənbəyə istinadən yazır: “İran hesab edir ki, İsrail bu iki alimi yeməklərini zəhərləyərək öldürüb”.

Hərbi tədqiqat mərkəzində işləyən Əyyub İntizari aviasiya mühəndisi, Kamran Ağamovlayi isə geoloq idi.

Əyyub İntizari

Kamran Ağamovlayi

İsrail mediası və İrandan xaricdə fəaliyyət göstərən fars xəbər kanalları Ağamovlayinin Nətənz nüvə obyektində işlədiyini iddia ediblər.

Qəzet yazır: “Artıq kölgə müharibəsi güclənməkdədir. Təkcə son iki həftədə İsraillə əlaqələndirilən bir sıra ölüm halları İranı silkələyib. Görünür, İsrail hədəflərini nüvə proqramı ilə əlaqəli yüksək vəzifəli şəxslərdən hərbi personala və aşağı səviyyəli alimlərə qədər genişləndirib.”

Bu arada iyunun 12-də öldükləri elan edilən SEPAH Aerokosmik Qoşunlarının iki zabiti Məhəmməd Əbdus və Əli Kamani ilə bağlı yeni iddia ortaya çıxıb.

Mərkəzi Londonda olan “İran İnternational” televiziyası onların Livanda “Hizbullah” qruplaşması üçün silah hazırlama sahəsində fəaliyyət göstərdiklərini iddia edib.

Televiziya mənbələrinə istinadən onların ölümünün səbəbinin qəza olmadığını bildirib.

Əli Kamani

Məhəmməd Əbdus

İlgili xəbərlər