İranda 100-dən çox müəllim həbs edilib

Bu gün, müəllimlərin İranın müxtəlif şəhərlərində keçirdiyi etirazlarda 100-dən çox müəllim saxlanılıb.
Məlumata əsasən, Şirazda 60 müəllim, Kürdüstan əyalətinin müxtəlif şəhərlərində 30 müəllim, Qəzvində 10, Rəştdə 6, Xomeynişəhrdə isə 3 müəllim həbs edilib.
Sosial mediada yayılan görüntülərə görə, etiraz aksiyalarının təşkil edildiyi şəhərlərdə hökumət ciddi təhlükəsizlik tədbirləri görərək, aksiya yerinə çox sayda qüvvə yeridib.
Aksiyaçılar “müəllimlərin təsnifatlandırılması qanunu”nun tam icrasını və zindandakı müəllimlərin təcili şəkildə azadlığa buraxılmasını tələb edirlər.
Aksiya İran Müəllimlər Təşkilatlarının Koordinasiya Şurasının çağırışı əsasında baş tutub.
Etirazda “müəllimin yeri zindan deyil”, “müəllim ayrı-seçkiliyə qarşı ayağa qalx” kimi şüarlar səsləndirilib.
Qeyd edək ki, bundan öncə aksiya ilə bağlı yayılan çağırışda müəllimlər həmkarlarının azadlığa buraxılmadığı təqdirdə aksiyaların davamlı olacağı barədə xəbərdarlıq etmişdilər.