İranda Sepah-a yaxın  bir neçə Teleqram kanalının admini saxlanılıb

İran İnqilab Keşikçiləri Korpusunun Təhlükəsizlik Təşkilatı Sepah-a yaxın hesab edilən bir neçə Teleqram kanalının adminini  saxta xəbərlər yaymaq və “ictimai rəyi çaşdırmaq” ittihamı ilə həbs edib.

Sepah-ın rəsmi Teleqram kanalı cümə axşamı bildirib ki, ayrı-ayrı kanalların ən azı üç admini saxlanılıb.

Açıqlamada deyilir ki, İranın daxili siyasəti ilə bağlı xəbərlər verən bu Telegram kanalları “məxfi məlumat və sənədlər dərc edib”, “yüksək səviyyəli məmurlar arasında nifaq salmaq üçün saxta və seçmə xəbərlər” yayıblar.

Son illərdə Sepah, hadisələrlə bağlı öz yanaşmasını təbliğ etmək üçün Teleqram da daxil olmaqla bir çox sosial media proqramında hesablar yaradıb. Bu hesablar Sepah-ın “kiber ordusu” kimi tanınan geniş şəbəkənin bir hissəsidir.

Sepah-ın bildirişində saxlanılanların adları açıqlanmasa da, xəbərlərə görə, tutuqlananlar arasında mühafizəkar qanada yaxın jurnalist Əli Qolhəki də var. O, “Nime-Məhrəmane”, “Səraer” və “Sayenevis” kanallarının adminlərindəndir.

Qolhəki və adı çəkilən üç Teleqram kanalı Sepah-a yaxındır və onların niyə həbs edildiyi və bu hərəkətin arxasında başqa nələrin ola biləcəyi bəlli deyil.

SEPAH-ın açıqlamasında bu kanalların hansı məlumatları açıqladığına dair də heç bir nümunə göstərilməyib.

İlgili xəbərlər