İranda üç uşaq İnstaqramda paylaşımlarına görə məhkəməyə verilib

 

İran dövlət mediası xəbər verir ki, bir oğlan və iki qız İnstaqramda “əxlaqsız kliplər” çəkdiklərinə görə hakim qarşısına çıxarılıblar.

Üç yeniyetmə birlikdə çəkdikləri qısa videoları ortaq bir kanalda yayımlayırdı. İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı  Tasnim Xəbər Agentliyinə görə, kliplərdə, “iki azyaşlı qız oğlanın kraliçası kimi təqdim edilirdi. Aralarında aparılan dialoq isə göstərir ki, onlar əvvəlcədən böyüklər tərəfindən yazılmış ssenariləri icra edirdilər”.

İranın “FATA” Kiber Polisinin mədəni və sosial məsələləri üzrə rəis müavini, polkovnik Ramin Paşai Tasnim-ə bildirib ki, uşaqlara qarşı iş açılıb, “lakin mövzu uşaqlar və yeniyetmələrlə əlaqədar olduğu üçün yanaşma fərqlidir”.

Onun sözlərinə görə, videodakı iki qız artıq adı açıqlanmayan məhkəmə orqanına çağırılıb, İnstaqram səhifəsinin admininə qarşı isə tədbir görülüb.

Videoların məzmunu, iştirak edənlərə qarşı hansı ittihamların irəli sürüldüyü, yaşadıqları yer və yaşları haqqında heç bir məlumat verilməyib.

Son bir neçə ildə uşaqlar valideynlərinin istəyi ilə erkən karyera qurmaq və ya pul qazanmaq üçün İranda onlayn reklamlarda, o cümlədən brendlərin İnstaqram kanallarında daha tez-tez görünməyə başlayıblar.

İslam Respublikası “əxlaqsız” kimi səciyyələndirdiyi əyləncəli və ya musiqili videolarda iştirak edən azyaşlılara qarşı sərt mövqe sərgiləyir. 2014-cü ilin may ayında yeddi uşaq Pharrell Williamsın “Happy” mahnısı ilə birlikdə rəqs etdikləri bir video hazırladıqları üçün həbs edildi və zorakılığa məruz qaldı.

Keçən il Xuzistanın Dezful şəhərində bir qrup gənc kamera qarşısında mahnı oxuduqlarına və gitara çaldıqlarına görə cinayət məsuliyyətinə cəlb edildilər.

Qeyd edək ki, İran dövləti təbliğat məqsədləri üçün davamlı olaraq uşaqlardan istifadə edir. Bu yaxınlarda yüzlərlə ibtidai məktəb yaşında olan uşaq – iddialara görə, bəziləri təzyiq altında – yüksək büdcə sərf edilən “Salam Komandir” mahnısının klipində iştirak etdilər.

 

İlgili xəbərlər