İranda Fransa vətəndaşları ilə əlaqədə olduğu iddia edilən şəxs tutulub

İranda casusluqda ittiham olunan iki Fransa vətəndaşı ilə əlaqədə olduğu iddia edilən şəxs həbs edilib.
İran dövlət televiziyası ötən ay “casusluq” ittihamı ilə saxlanılan 2 Fransa vətəndaşı ilə əlaqəsi olduğu iddia edilən şəxsin Qərbi Azərbaycan Kəşfiyyat Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını bildirilib.
Xəbərdə iddia olunur ki, həmin şəxs müxalifət qruplarının dəstəyi ilə ölkədən qaçmağa çalışırdı.
İranın Təhlükəsizlik nazirliyi saxlanılan şəxsi “iş mühitlərində iğtişaşlar törətmək görəvi olan marksist solun agentlərindən biri” olaraq təqdim edib.
Nazirliyin açıqlamasında həmin şəxsin işçi bayramından əvvəl fransız vətəndaşları ilə görüşərək mayın 1-də ölkədə “xaos, sosial iğtişaş və qeyri-sabitlik” yaratmağı planlaşdırdıqları iddiasını irəli sürülüb.
Xəbərdə iddia edilirdi ki, şübhəlinin missiyası “fəhlələr və müəllimlərin mitinqlərini birləşdirib, onları iğtişaşlara və qarışıqlığa çevirmək idi”.
Qeyd edək ki, keçən ay İran iki Fransa vətəndaşını, 37 yaşlı Sesil Kohler və 69 yaşlı Jak Parisi saxladığını təsdiqləyib və bildirib ki, onlar etirazçı müəllimlərlə görüşüb, hökumət əleyhinə mitinqlərin birində iştirak edib və İranda iğtişaş yaratmaq üçün etiraz aksiyası təşkil etməyi planlaşdırırdılar.