İranın baş müzakirəçisi çaşdırıcı tvitlər atıb

İranın baş nüvə müzakirəçisi Əli Baqeri-Kaninin cümə axşamı paylaşdığı bir sıra qəribə tvitləri İranda çaşqınlıq yaradıb.

“Biz xarici siyasət xəzinələrini diplomatiyanın uğuru üçün xərcləməyəcəyik; Bunun əvəzinə biz xarici siyasət məqsədlərinə nail olmaq üçün özümüzü qurban verəcəyik,” – Baqeri-Kani ingiliscə və farsca tvitilərinin birində bildirib.

Baş müzakirəçinin paylaşdığı digər çaşdırıcı tvitlərində yazılıb:

“Diplomatiya sahəsinin əsgərləri olaraq dinləyən qulağımız hər cür “konstruktiv tənqidi” alqışlayır və ürəyimiz bütün “acı tənqidlərə” tam açıqdır”,

“Xarici siyasət sahəsində İran İslam Respublikasının “strateji zəkası”, “qərar vermə cəsarəti” və “hərəkətə keçmə gücü” İran diplomatiyasının uğurlu modelini nümayiş etdirir”,

“Ticarətdə və qarşılıqlı əməkdaşlıqda tərəflərin müxtəlifliyi”, “iqtisadi əlaqələrin sabitliyi” və “iqtisadi münasibətlərdən vasitələr yaratmaq” xarici siyasət aparatının iqtisadi diplomatiyasının əsas elementlərini təşkil edir,”…

Bu, paylaşımlar yüzlərlə iranlının sosial şəbəkədə istehzasına səbəb olub.

Bəziləri İranın Rusiyaya tabeliyinə kinayə vuraraq farsca mətndə diplomatın nə demək istədiyini başa düşə bilmədiklərini və ola bilsin ki, bu mətn, “Rus dilindən pis Google tərcüməsidir” yazıblar.

Bir istifadəçi “Həqiqətən, Putinin sizə rus dilində göndərdiyi mətnin tərcüməsi pis çıxıb” yazıb.

Bəzi istifadəçilər isə Baqeri-Kəninin dayandırılmış nüvə danışıqları ilə bağlı gizli mesajlar göndərdiyi haqda fikirlər irəli sürüb.

Bu gün Etemad Online xəbər saytı bildirib ki, Baqeri-Kəni cümə axşamı çıxış edib və tvitlər həmin çıxışdan seçilərək verilib.

İctimaiyyəti təəccübləndirən əsas amillərdən biri də çox az, bəzən həftələr fasilə ilə tvitlər paylaşan  Baqeri-Kəninin bir-birinin ardınca bir neçə mesaj göndərməsi olub.

Bu gün Tehranda baş müzakirəçinin istefası ilə bağlı şayiələr də yayılıb.

İlgili xəbərlər