İran Ukraynadakı separatçılarla əməkdaşlıq anlaşması imzalayıb

Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində İran İslam Respublikası ilə separatçı “Donetsk Xalq Respublikası” arasında əməkdaşlıq anlaşması imzalanıb.
“Sputnik”in fars bölməsinin verdiyi xəbərə görə, anlaşmaya əsasən, İran tərəfi sözdə “Donetsk Xalq Respublikası”na tikinti materialları və meyvə-tərəvəz ixrac edəcək.
Separatçıların rəhbəri Denis Puşilinin Teleqram kanalında verilən məlumata görə, anlaşma “Donetsk Xalq Respublikasının Ticarət və Sənaye Palatası ilə İranın Fərnuş Trading ticarət evi arasında imzalanıb”.
Puşilin bildirib ki, anlaşmaya əsasən separatçı qurum İrana metal məhsulları, gübrə, daş kömür və tunel tikintisi kompleksləri tədarük edəcək.
“Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda respublikamız ilə İran İslam Respublikası arasında ticarət-iqtisadi əlaqələrin inkişafını gücləndirəcək saziş imzalanıb. Bizim üçün vacibdir ki, saziş çərçivəsində respublikanın infrastrukturunun bərpası və ərzaq təminatı istiqamətində işlər aparılacaq. Donetsk Xalq Respublikasının bu gün yeni tərəfdaşı var. Bütün maneələrə baxmayaraq, beynəlxalq iqtisadi əlaqələrimiz genişlənir,” – deyə, Puşilin vurğulayıb.