İranda yem qiymətləri 6 dəfə bahalaşıb, maldarlar heyvanlarını satır

İranda heyvan yemi qiymətlərinin altı dəfə artması maldarlar arasında iflas dalğasına səbəb olub. Onlar ac və ya yarımcan inəklərini daha ucuz qiymətə kəsimxanalara satmağa məcbur olublar.

“Şərq” qəzetinin verdiyi xəbərə görə, ölkədəki ağır iqtisadi vəziyyətə görə tədarük çox, tələb isə azdır. Digər tərəfdən yem qiymətinin 6 dəfə bahalaşması maldarların daha az ziyan etmək üçün kəsimxanalara üz tutmasına səbəb olub, kəsim məntəqələrində uzun növbələr yaranıb.

Mal-Qara Tədarükü Şurasının sədri Mənsur Purian maldarlıq fermalarında mal-qaranın aclıqdan zəiflədiyini və xeyli arıqladığını bildirib.

Digər tərəfdən, iranlıların aşağı alıcılıq qabiliyyəti son bir ildə ət tələbini 50 faizə qədər azaldıb ki, bu da bir çox kiçik fermerin iflasına səbəb olub.

İranın ən böyük fermer kooperativlərindən birinin icraçı direktoru Naser Ostad-Əhmədi hökumətin heyvandarlıq yemi qiymətlərini artırmaq qərarını tənqid edərək, qəzetə deyib ki, “İranın heyvandarlıq tarixində hökumətin bir əmtəənin qiymətini bir gecədə altı dəfə artırdığı heç vaxt görünməyib”.

Qeyd edək ki, İranda heyvandarlıq və toyuq yemi üçün istifadə olunan soya unu, arpa və qarğıdalı əsasən Rusiyadan və digər ölkələrdən gətirilir. İstənilən qıtlıq və ya yem qiymətinin artımı ölkədə onsuz da əhalinin gəlirinə nisbətdə yüksək olan ətin qiymətini daha da artıra bilər.

Xatırladaq ki, ölkədə toyuq İstehsalçıları da yemin bahalaşması səbəbindən ciddi problemlərlə üz-üzə qalıblar.

Son həftələrdə sosial şəbəkələrdə yayılan videolarda, fermerlərin cücələri məhv etmələri və ya boş ərazilərə apararaq buraxmaları görüntüləri yayılıb.

İlgili xəbərlər