Parçin hərbi kompleksində baş verən ölümcül partlayış təxribat olub – SEPAH komandiri

İran İnqilab Keşikçiləri Universitetinin rəhbəri Tehranın Parçin hərbi kompleksində Müdafiə Nazirliyinin mühəndisinin ölümü ilə nəticələnən partlayışın təxribat olduğunu təsdiqləyib.

İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri olan İmam Hüseyn Universitetinin rektoru Məhəmməd Rza Həsəni Ahəngər bu gün yayımlanan çıxışında “sənaye təxribatının” bazanın istehsal xəttlərindən birini hədəf aldığını bildirib.

“Silahlı Qüvvələrin laboratoriyalarında modern laboratoriya avadanlığımızı məhv etmək üçün səylər göstərildi”, – deyə o bildirib.

Həsəni Ahəngər Müdafiə Nazirliyinin ölən zabitinin birbaşa hədəf olmadığını, onun hərbi sənaye müəssisəsinə edilən təxribat nəticəsində həlak olduğunu deyib.

“Biz süni intellekt üsulları ilə təhdidlərin qarşısını almalıyıq”, – o əlavə edib.

Qeyd edək ki, Mayın 26-da İranın müdafiə nazirliyi Tehranın cənub-şərqindəki Parçin bölgəsində Müdafiə Nazirliyinin hərbi tədqiqat obyektlərindən birində qəza baş verdiyini, Nazirliyin mühəndisi Ehsan Qədbeyginin baş verən qəzada həyatını itirdiyini, daha bir həmkarının isə yaralandığını açıqlamışdı.

Ehsan Qədbeygi

Parçin bölgəsi İranın raket proqramının inkişafı ilə bağlı əsas mərkəzlərdən biridir. İran rəsmiləri bundan əvvəl də bu obyektdə baş verən qəzaların detalları ilə bağlı dəqiq hesabat verməyib.

İranın raket və kosmik proqramları son illərdə bir sıra müəmmalı partlayışlara məruz qalıb.

Daha əvvəl 2020-ci ildə Parçin bölgəsində qaz anbarında bütün paytaxtda hiss olunan nəhəng partlayış baş verdi.

İslam Respublikası İsraili 2020-ci ilin ortalarından bəri nüvə proqramı ilə əlaqəli obyektlərə bir neçə hücum həyata keçirməkdə və nüvə alimlərini öldürməkdə ittiham edib.

Son həftələrdə SEPAH zabitləri arasında baş verən bir sıra qətllər və ölümlərdə də şübhələr Mossada yönəlib.

 

İlgili xəbərlər