Sepah-ın komandanı Tehran Sarallah qərargahını “təhlükəsizliyin qorunmasına” görə tərifləyib

İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı General Hüseyn Səlami paytaxt Tehranda yerləşən Sarallah qərargahının İranın təhlükəsizliyini təmin etməkdə rolunu yüksək qiymətləndirib.
Səlami bu sözləri bu gün Sepah-ın Sarallah qərargahının yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə deyib.
O deyib ki, qərargah “düşmənin planlarını pozmaqda” böyük rol oynayır.
İnqilab Keşikçiləri Korpusunun ən mühüm qüvvəsi hesab edilən Sarallah qərargahına paytaxtın təhlükəsizliyini təmin etmək və hökumətin əsas qurumlarını və binalarını qorumaq tapşırılıb.
Qərargahın elan olunmamış missiyası isə son bir neçə ildəki xalq etirazlarını sərt şəkildə yatırtmaqdır.
Səlaminin açıqlamaları Sarallah qərargahının keçmiş komandiri, hazırda parlamentdə Tehranı təmsil edən Məhəmməd İsmayıl Kovsərinin davam edən xalq etirazları fonunda müxtəlif təhlükəsizlik qüvvələrinin mülki şəxslərə qarşı odlu silahdan istifadəsini asanlaşdıran qanun layihəsinin təsdiqlənməsinə çalışdığı bir vaxta təsadüf edir.
“Hər bir ölkədə və cəmiyyətdə təhlükəsizlik qüvvələrinin və polisin təhlükəsizliyi prioritetdir, cəmiyyətin təhlükəsizliyi isə ondan sonra gəlir. Onlar cəmiyyətdə təhlükəsizliyi təmin etmək üçün odlu silahdan istifadə etməlidirlər,” – deyə Kovsəri bu gün mətbuata verdiyi açıqlamasında deyib.