Xameneiyə qarşı iddia qaldıran vəkillərə ağır həbs cəzası verilib

İranın Rəhbərinə qarşı “Covid-lə mübarizədə yanlış idarəçiliyi”nə görə məhkəməyə müraciət edən bir qrup hüquqşünas və vətəndaş hüquqları fəalı ağır cəzalar alıb.

Onların vəkili Babək Paknia bildirib ki, 5 nəfərlik qrupa uzun müddətli həbs ilə yanaşı, ictimai fəaliyyətdən məhrum olmaq cəzası verilib.

Onun sözlərinə görə, Mehdi Mahmudian və Mustafa Nili hər hansı formada media fəaliyyəti ilə məşğul olmaqdan 2 il müddətinə məhrum edilməklə yanaşı 4 il həbs cəzasına məhkum ediliblər. Nilinin həmçinin 2 il müddətinə vəkillik peşəsi ilə məşğul olmasına qadağa qoyulub.

Arəş Keyxosrəvi 2 il həbsə məhkum edilməklə bərabər bir il vəkillik hüququndan məhrum edilib. Bu hüquqşünasın da bir il media fəaliyyətinə qadağa qoyulub.

Babək Paknia əlavə edib ki, hüquqşünas Məhəmməd Rza Fəqihiyə 6 ay, Məryəm Əfrafəraza isə 95 gün həbs cəzası verilib.

2021-ci ilin avqust ayında saxlanılan və aprel ayında Tehran İnqilab Məhkəməsinin 29-cu şöbəsində mühakimə olunan bu fəallar media tərəfindən “Sağlamlıq Hüququnun Müdafiəçiləri” adlandırılıblar.

Bu şəxslər COVID-19 vaksininin idxalına mane olan məsulları məhkəməyə vermək üçün şikayət mətni hazırlayırdılar.

İranın lideri Seyid Əli Xamenei 2021-ci ilin yanvar ayında ABŞ və Britaniyadan koronavirus vaksinlərinin idxalının yasaqlandığını açıqlamışdı. Xameneinin vaksinlə əlaqədar mövqeyi səkkiz ay sonra dəyişdi. O, həmin ilin avqust ayında əlaqədar qurumlardan koronavirus vaksininin istər idxal, istərsə yerli istehsal yolu ilə təmin edilməsi haqda göstəriş verdi.

Qeyd edək ki, İranın azsaylı insan haqları vəkillərindən olan Fəqihi həm də türk dil haqları fəallarını, eləcə də bir çox siyasi məhbusu İranın müxtəlif məhkəmələrində müdafiə edib.

İlgili xəbərlər