İ.Rəisinin çıxışı tibb işçilərini qəzəbləndirib: “O sözü deyən çox böyük qələt edib”

 

Prezident İbrahim Rəisinin Covid-19 pandemiyası zamanı Bəsicilər və dini tələbələrin həkimlərə və tibb bacılarına xalqa necə xidmət etməyi öyrətdikləri ilə bağlı dediyi sözlər tibb işçilərini qəzəbləndirib.

İran Tibb Bacıları Təşkilatının rəhbəri Məhəmməd Mirzabeygi Rəisiyə məktub yazaraq, Ona mübahisəli çıxışının mənbəyi kimi göstərdiyi Gilan Tibb Universitetinin rəhbərinin sözlərinə görə məyus olduğunu bildirib.

Rəisi mübahisəli çıxışında “Gilan Tibb Universitetinin rektoru mənə dedi ki, könüllü Bəsic, cihadçı və inqilabçı qüvvələr pandemiya dövründə xəstəxanalara gələrək, həkim və tibb bacılarına xalqa necə xidmət göstərilməli olduğunu öyrədiblər,” deyib.

Məhəmməd Mirzabeygi məktubunda həmin rektorun “çox böyük qələt” etdiyini yazıb və tibb bacılarının digər tibb işçiləri ilə birlikdə insanlara və xəstələrə xidmətdə ön sıralarda olduğunu və Covid-19 epidemiyası zamanı çox şey qurban verdiyini vurğulayıb.

Tibb bacılarını, həkimləri və digər tibb işçilərini ölkənin ən sadiq qüvvəsi kimi qiymətləndirən Mirzabeygi, həmçinin prezidenti tibb işçilərinə göstərdikləri səylərinə görə minnətdarlığını bildirməyə çağırıb.

Rəisinin sözlərinə Böyük Tehran vilayətinin Səhiyyə Sistemi Təşkilatının sədri Seyid Moəyyed Ələvian da reaksiya verib.

Ələvian prezidenti məsuliyyətsiz çıxışına görə səhiyyə işçilərindən üzr istəməyə çağırıb.

O həmçinin bildirib ki, Rəisi qısa vaxtda səhvini düzəltməsə, onun bu sözləri tarixə yazılacaq.

İranda sosial media istifadəçiləri də Covid böhranı bitdikdən sonra tibb bacılarının kütləvi şəkildə işdən çıxarılmasını şiddətlə tənqid edərək Rəisinin sözlərinə reaksiya veriblər.

Qeyd edək ki, pandemiyanın yumşalması ilə müvəqqəti müqavilə əsasında işləyən 5 minə yaxın tibb bacısı işdən çıxarılıb.

İlgili xəbərlər