Mədən axtarışı üçün tikilən yollar Güney Azərbaycan təbiətini məhv edir

Rəsmi qurumların sükutundan faydalanan mədən istismarçılarının qeyri-qanuni fəaliyyətləri nəticəsində  Güney Azərbaycanın Qaradağ meşələri məhv edilir.

Şərqi Azərbaycan əyalətinin Təbii Sərvətlər və Su Hövzələri İdarəsinin başçısı Sirus Davudi Vərziğanın Vənistan bölgəsində istismarçıların mədən axtarışı üçün tikdiyi yolun Qaradağ meşələrinin yuxarı hissəsindəki otlaqlarına ciddi ziyan vurduğunu bildirib.

Davudi Vənistanın dağıdılmış ərazisindən, eləcə də bölgədəki digər qoruqlardan görüş keçirdiyi zaman bunu edənlərin qanun qarşısında cavab verməli olduqlarını tələb edib:

“Qanunu pozanlar tez bir zamanda ədliyyə orqanlarına təhvil verilməli və cəzalandırılmalıdırlar”.

Davudi başçılıq etdiyi idarənin əsas vəzifəsinin Şərqi Azərbaycan əyalətinin təbiəti və ətraf mühitinin qorunması olduğunu xatırladaraq, bölgədə ekoloji problem yaradanların cinayət məsuliyyətinə cəlb edilmələrini istəyib. 

Qeyd edək ki, mədən istismarı və axtarışları nəticəsində Qaradağ meşələrinin məhv edilməsi prosesi neçə illərdir ki davam edir.

Qaradağ meşələri Şərqi Azərbaycan əyalətinin quzeyində və Araz çayının güneyində yerləşir. Qaradağ, heyvan və bitki müxtəlifliyi baxımından İranın bənzərsiz bölgəsidir və nadir bitki və heyvan növlərinin xəzinəsidir.

1976-cı ildə UNESCO, bu bölgədəki 72 min 460 hektar ərazini “biosfer qoruğu” olaraq qeyd etdi.

Hal-hazırda Qaradağ meşələrinin təxminən 164 min hektar ərazisi var ki, bunun da 148 min hektarı qorunan ərazi kimi qeydiyyata alınmışdır.

İlgili xəbərlər