İranda 3 ayda 105 nəfər edam edilib

BMT-nin hazırladığı hesabata görə, İranda yanvar-mart ayları arasında 105 nəfər edam edilib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin hesabatına görə, İranda yanvarın 1-dən martın 20-dək, əksəriyyəti azlıqlardan olan ən azı 105 nəfər edam edilib. İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Haqları Şurası qarşısında çıxış edən BMT-nin İnsan Haqları üzrə baş katibinin müavini Nada Əl-Nəşif İranda edamları qınayaraq “baş katib narkotiklərlə bağlı cinayətlər də daxil olmaqla, edamların artmasından ciddi narahatdır” deyib.
İranda edam cəzasının ağır olmayan cinayətlərdə və ədalətli mühakimə standartlarına uyğun olmayan üsullarla tətbiq olunmağa davam etdiyini bildirən Əl-Nəşif keçən mart narkotiklə bağlı ittihamlarla edam cəzasına məhkum edilən 52 nəfərin edam edilmək üçün Şiraz həbsxanasına köçürüldüyünü qeyd edib.
Əl-Nəşif həmçinin beynəlxalq hüquq prinsipləri pozularaq yeniyetmə cinayətkarlar üçün edam cəzasının davam etdirilməsini qınayıb.
O, 2021-ci ilin avqustundan 2022-ci ilin martına qədər azı iki yetkinlik yaşına çatmayan uşağın edam edildiyini, 85-dən çox yeniyetmə cinayətkarın edam cəzasına məhkum olunduğunu bildirib.
Hesabatda qeyd olunanlardan bəzi bölmələr:
- İran ciddi sosial, iqtisadi, ekoloji və siyasi problemlərlə üz-üzədir. İranda yüksək inflyasiya və geniş yayılmış işsizlik iqtisadi bərabərsizliklərin artmasına səbəb olub.
- Abort və ailə planlaşdırılması ilə bağlı məlumatlara çıxışın məhdudlaşdırılması siyasəti kişilərin, qadınların və qızların cinsi və reproduktiv sağlamlıq hüquqları üçün zərərli nəticələrə səbəb olub.
- 2021-ci ilin yanvarında parlamentə təqdim edilən “Qadınlara qarşı zorakılıq haqqında” qanun layihəsinin qəbulu ilə bağlı heç bir irəliləyiş müşahidə olunmur.
- İslam Respublikası informasiya məkanını daha da məhdudlaşdırıb.
- Beynəlxalq internet portallarına nəzarətin təhlükəsizlik və hərbi qüvvələrə tapşırılmasını və sosial media platformalarının təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etməyini tələb edən qanun layihəsinin hazırlanması ciddi nigaranlıq doğurur.
- ötən ilin iyul ayında Xuzistan əyalətində su böhranı ilə əlaqədar etiraz aksiyaları zamanı etirazçılara qarşı güc tətbiq edilib və ən azı 5 nəfər, o cümlədən bir az yaşlı öldürülüb. May ayında subsidiyaların kəsilməsindən sonra keçirilən aksiyalarda da etirazçılara qarşı sərt şəkildə müdaxilə edilib və ən azı 5 nəfər bir başa açılan atəş nəticəsində həyatını itirib.
- Azlıqların, özəlliklə də bəhai dininə mənsub şəxslərin mal varlıqlarının müsadirə edilməsi, pis rəftara görə məhbusların ölüm sayının yüksək olması, azlıqların hüquqlarının tapdalanması, müəllimlərə, vəkillərə, əmək hüquqları müdafiəçilərinə, incəsənət xadimlərinə və universitet müəllimlərinə qarşı həbslər və ittihamlar, vətəndaş cəmiyyəti təşkilatlarına qarşı basqılar davam edib.
Qeyd edək ki, İranın BMT-nin Cenevrədəki daimi nümayəndəsinin müavini Mehdi Əliabadi verdiyi açıqlamada hesabatın “əsassız və yalan iddialar” olduğunu, İranı ləkələmək üçün Qərb ölkələri tərəfindən BMT-yə təqdim edildiyini iddia edib.
Qeyri-hökumət təşkilatlarının topladığı məlumatlara istinad edən hesabatda 2020-ci ildə İranda 260 nəfərin, 2021-ci ildə isə 14-ü qadın olmaqla ən azı 310 nəfərin edam edildiyi bildirilib.