Rusiya polad bazarında İranı sıxışdırır: Tehranın polad istehsalında kəskin azalma

Dünya Polad Assosiasiyasının yeni hesabatına əsasən, İranın xam polad istehsalı ardıcıl ikinci ay olaraq kəskin şəkildə azalıb.
Hesabatda deyilir ki, İranın polad istehsalı may ayında illik müqayisədə 17.6% azalaraq 2.3 milyon tona düşüb.
Bu hesabata görə, aprel ayında da bu rəqəm 20.7% azalaraq 2.2 milyon ton olub.
İran Braziliyadan sonra dünyanın 10-cu ən böyük polad istehsalçısıdır. Çin ayda 100 milyon tona yaxın hasilatı ilə birinci yerdə durur. 2022-ci ilin ilk 5 ayında 6.5% artım göstərən Hindistan istisna olmaqla, ilk on polad istehsalçı ölkənin hamısının istehsalında azalma müşahidə olunub. Amma ən çox azalma İranın istehsalında qeydə alınıb.
İranın “Şərq” qəzeti mayın ortalarında İran polad sənayesi rəsmilərinə istinadən yazıb ki, Rusiya Qərb bazarlarını itirdikdən sonra ixracatını Asiyaya yönləndirərək İranın polad ixracatını aşağı salır.
İran Polad İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin üzvü Rza Şəhrestani qəzetə bildirib ki, Rusiya 15-20% endirim edərək polad məhsullarını satır. Beləliklə də İranın Çin, Cənubi Koreya, Tayvan və Əfqanıstan kimi ənənəvi müştərilər hazırda Rusiya poladını alır.
Eyni zamanda, Tejarətnews qəzeti İranın cari maliyyə ilinin ilk ayında (20 mart-21 aprel) süngər dəmir (DRI) ixracının sıfıra endiyini bildirib.
Buna baxmayaraq İranın Sənaye, Ticarət və Mədən Nazirliyinin sözçüsü Omid Qalibaf iddia edib ki, cari günəş ilinin ilk iki ayı ərzində (20 mart-21 may) ölkənin polad ixracatı 10% artaraq 1.06 milyon tona çatıb.
Ancaq bu rəqəm və sözçünün iddia etdiyi polad ixracatındakı artım şübhə doğurur, çünki İran adətən polad istehsalının 33%-dən çoxunu beynəlxalq bazarlara ixrac edir. Qalibafın qeyd etdiyi dövr ərzində ölkə 4.5 milyon ton polad istehsal edib. Ona görə də İran həmin dövrdə 1.06 milyon ton yox, ən azı 1.5 milyon ton polad ixrac etməli idi.
Qeyd edək iki, ABŞ-ın İranın neft ixracına qarşı sanksiyaları fonunda, polad ciddi maliyyə böhranı ilə üzləşən Tehran hökuməti üçün xarici valyuta qazandıran əsas məhsullardan biridir.