SEPAH-ın Kəşfiyyat İdarəsinin rəisi tutduğu vəzifədən azad edilib

İran İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat İdarəsinin rəisi Hüseyn Taeb tutduğu vəzifədən azad edilib.
SEPAH-ın sözçüsü Ramazan Şərif bildirib ki, Taeb İran İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlaminin müşaviri vəzifəsinə təyin edilib.
Taebin vəzifədən azad edilməsi İsrail mediasının onu İranın Türkiyədə israilli turistləri öldürmək və ya qaçırmaq planının planlayıcısı olmaqda ittiham etdikdən bir neçə gün sonraya təsadüf edir.
Adı ABŞ və Aİ-nin qara siyahısına salınan Taeb həm ölkə daxilində, həm də xaricdə yüzlərlə iranlı fəal, jurnalist və müxalifin tutulması və işgəncələrə məruz qalmasına görə məsuliyyət daşımaqda ittiham olunur. 12 il SEPAH-ın kəşfiyyat rəisi olan Taebin, həmçinin İranda kütləvi etirazların vəhşicəsinə yatırılmasıda əsas rol oynadığı qeyd olunur.
İnqilab Keşikçiləri Korpusunun sözçüsü R.Şərif bildirib ki, Səlaminin sərəncamı ilə briqada generalı Məhəmməd Kazemi SEPAH-ın yeni kəşfiyyat rəisi vəzifəsinə təyin olunub.
Kazemi uzun illər SEPAH-ın Kəşfiyyat Mühafizəsi İdarəsinə rəhbərlik edib.

Məhəmməd Kazemi
Hüseyn Taebin vəzifəsindən azad edilməsinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Tehrana səfəri ilə eyni vaxta təsadüf etməsi Moskvanın İrana təsiri ilə bağlı şayiələri bir daha gündəmə gətirib.
Qeyd edək ki, son günlər Taebin xəstələnməsi, xəstəxanaya köçürülməsi, hətta ona qarşı sui-qəsd olunduğu barədə şayiələr yayılmışdı.