Beynalxalq “narkobaron” Türkiyədə cinayətdən axtarışda, İranda “xeyriyyə” layihələri həyata keçirir

Urmiya şəhərinin icra başçısı Türkiyədə cinayətdən axtarışda olan Naci Şərifi Zindəştinin həyata keçirdiyi “xeyriyyə” layihələrdən görüş keçirib.
Qulamhüseyn Əmmari, müavinləri ilə birlikdə Məməkan kəndində tikilməkdə olan 12 sinifli məktəb və idman zalı layihələri ilə tanış olub.
Layihələr narkotik qaçaqmalçılığında günahlandırılan, Türkiyədə orqanizə süç orgütü yaratmaq ittihamı ilə ona qarşı məhkəmə işi açılan, İran Kürdlərindən olan Naci Şərifi Zindəştinin “Zindəşt Ulduzu Xeyriyyə Müəssisəsi” tərəfindən icra olunur.
Zindəşti Türkiyədə İran rejiminə müxalif şəxsləri öldürməkdə, qaçıraraq İran rejiminə verməkdə ittiham olunur.
İranın müxalifət mediası onun beynəlxalq narkobaron olduğunu, İslam Respublikasının xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini iddia edirlər.
Aprelin-7-də Qərbi Azərbaycan əyalətinin “İmam Xomeyni Sosial Yardım Qurumu”nun rəhbəri Əziz Səhəndi “Zindəşt Ulduzu Xeyriyyə Müəssisəsi”nə gedərək Zindəşti ilə görüşmüş, ona fəaliyyətlərinə görə təşəkkür etmişdi.
Qərbi Azərbaycanın əyalət televiziyası da daha əvvəl Zindəştinin “xeyriyyə” təşkilatı haqqında reportaj hazırlayıb, fəaliyyətlərinin bu yönünü təbliğ edib.
Bəzi Telegram kanalları Zindəştinin PKK-nın narkotik trafikinə nəzarət etdiyini iddia edir. PKK-nın İran qolu kimi tanınan PJAK qruplaşması isə saytında Zindəştini İran lideri Əli Xameneinin aparatına bağlı “bədnam mafiya dəstəsinin lideri, böyük beynəlxalq cinayətkar” kimi təqdim edərək, onu “kürd xalqının mübarizəsinə qarşı cinayətkar fəaliyyətlərdə, xüsusi savaş aparmaqda” ittiham edir və yazır ki, Zindəşti hökumətin ayırdığı böyük büdcələrlə “xeyriyyə fəaliyyətləri pərdəsi altında kürd gənclərini cəlb etməyə, onlardan kürd təşkilatlarına qarşı muzdlu kimi istifadə etməyə” çalışır.
Türkiyə mətbuatının yazdığına görə, Zindəşti 2018-ci ildə “adam öldürmək”, “qətlə təhrik etmək”, “FETO-ya üzv olmaq” ittihamları ilə saxlanılmışdı. Dünyanın aparıcı narkotik tacirlərindən biri olduğu iddia edilən Zindəştinin qızı 2014-cü ildə Büyükçekmecedə silahlı hücumda öldürülüb.
Yenə Türkiyə mətbuatının iddiasına görə, Zindəşti qızının öldürülməsindən sonra İstanbul, İran, Panama, Kanada və Dubayda silsilə intiqam cinayətlərində ittiham olunur. 6 ay həbsdə qaldıqdan sonra 2018-ci il oktyabrın 19-da müvəqqəti sərbəst buraxılıb və ondan sonra “yoxa çıxıb”.