Güneyli musiqiçi Abbas Nikrəvan sərbəst buraxılıb

Güney azərbaycanlı musiqiçi və mədəni fəal Abbas Nikrəvan həbs müddətinin bitməsi ilə Qərbi Azərbaycan əyalətinin Salmas zindanından azadlığa buraxılıb.

Nikrəvan mayın 7-də Salmas şəhərinin məhkəmə məmurları tərəfindən saxlanılaraq bu şəhərin zindanına köçürülmüşdü.

O, Salmas Cəza məhkəməsinin 102 saylı şöbəsi tərəfindən “kiberməkanda rejimə qarşı təbliğat” ittihamına görə 91 gün həbs cəzasına məhkum edilmişdi.

Azərbaycanlı musiqiçinin bundan öncə təcridxanada saxlanıldığı günlər də hesablanaraq müddətdən əvvəl azadlığa buraxılmasına qərar verilib.

Nikrəvan 2021-ci il sentyabrın 5-də Salmasda həbs edilərək Urmiyanın Kəşfiyyat (ETTELAAT) İdarəsinin təcridxanasına, daha sonra Urmiya mərkəzi zindanına köçürülmüş, sentyabrın 22-də isə 600 milyon tümən girov qarşılığında məhkəmə prosesinin bitməsinə qədər azad buraxılmışdı.

Musiqiçi və mədəni fəal Abbas Nikrəvan daha öncə də 2014 və 2018 illərində müvafiq olaraq bir toy mərasimində və Babək Qalası yürüşü ərəfəsində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. Onun 2015-ci ilin fevralında xeyriyyə məqsədilə təşkil edəcəyi bir konserti ləğv edilmişdi.

İlgili xəbərlər