İran-ABŞ Qətərdə “dolayı” nüvə danışıqlarına start verir

 

İranın Tasnim xəbər agentliyi bildirib ki, baş müzakirəçi Əli Baqeri Kəni 2015-ci il nüvə sazişinin bərpası üçün ABŞ ilə dolayı danışıqlar aparmaq məqsədi ilə sabah Dohaya gedir.

ABŞ rəsmilərindən biri danışıqların yeni raundu ilə bağlı nikbinlik ifadə etmədən bildirib ki, İnqilab Keşikçiləri Korpusunun adının terrorçu qruplar siyahısından çıxarılması məsələsi artıq danışıqlar proqramına daxil deyil.

İranın nüvə müzakirəçilərinin müşaviri və de-fakto sözçüsü Məhəmməd Mərəndi isə Tehranda mediaya açıqlamasında “danışıqların bərpa etməsinin razılığa yaxın olmaq anlamına gəlmədiyini” vurğulayaraq bildirib ki: “Amerika hələ lazımi qərarları qəbul etməyib”.

Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə isə bu gün keçirdiyi son mətbuat konfransında qeyd edib ki, “amerikalılar 2015-ci ildə imzalanan nüvə razılaşmasındakı öhdəliklərini yerinə yetirməyə söz veriblər ancaq “əməldə də Donald Trampın buraxdığı irsdən imtina edib- etməyəcəklərini,  Borrelin Tehrana gətirdiyi mesajların reallığa çevrilib çevrilməyəcəyini zaman göstərəcək. Bunun üçün də gözləyib görmək lazımdır”.

Avropa Birliyinin xarici siyasət rəhbəri Josep Borrell şənbə günü Tehrana səfəri zamanı bildirib ki, İran və ABŞ təmasları yeniləmək barədə razılığa gəliblər.

Prezident Donald Trampın 2018-ci ildə tərk etdiyi 2015-ci il nüvə sazişinin bərpası ilə bağlı Vyanada bir il davam edən danışıqlar, mart ayından etibarən dayandırılıb.

İran mediası yeni dolayısı danışıqların Qətərin paytaxtı Dohada olacağını, AB nümayəndələrinin bu danışıqlarda vasitəçi kimi iştirak edəcəyini bildirmişdilər.

Vyanada aparılan danışıqlarda 2015 nüvə razılaşmasının bütün tərəfləri – ABŞ, Çin, Fransa, Almaniya, İran, Rusiya və Böyük Britaniya– iştirak edirdi (ABŞ tərəfi başqa hoteldə yerləşərək dolaylı olaraq müzakirələrə qatılırdı).

Son aylarda Qətərin vasitəçilik etməyə çalışdığına dair təkliflər irəli sürülmüşdü.

Qeyd edək ki, ABŞ və İran arasında 2015-ci il sazişi – JCPOA (Birgə Hərtərəfli Fəaliyyət Planı) ilə nəticələnən ilk danışıqlar Omanda baş tutmuşdu.

İlgili xəbərlər