İranda son iki ayda 230 müəllim həbs edilib

 

İran Müəllimlər İttifaqının Koordinasiya Şurası son iki ay ərzində ölkənin müxtəlif şəhərlərində 230-dan çox müəllim və müəllim həmkarlar ittifaqı fəalının “oğurlandığını” və həbs edildiyini bildirib.

Şura həmçinin bildirib ki, həbsdə olan bir neçə müəllimin vəziyyəti ilə bağlı məlumat yoxdur.

Şura öz Telegram kanalında yaydığı bəyanatda bildirib ki, Kəşfiyyat Nazirliyinin nəzarətində olan Evin həbsxanasının 240-cı palatasında təkadamlıq kamerada saxlanılan Rəsul Budaği, Məhəmməd Həbibi və Cəfər Ebrahimi haqqında 2 həftədən çoxdur ki, heç bir bilgi verilmir.

Bildirilir ki, sözügedən müəllim fəallar telefonla danışma və ailələri ilə görüşmə hüquqlarından məhrum ediliblər.

İranda hökumət əleyhinə pensiyaçıların və digər ictimai qrupların tətilləri və aksiyaları davam edərkən müəllimlər də bu ayın əvvəllərində aşağı maaşlara və sistematik ayrı-seçkiliyə qarşı növbəti ümumi etiraz aksiyası keçiriblər.

Qeyd edək ki, iranlı maarif xadimləri bir ilə yaxındır ki, tez-tez etiraz aksiyaları keçirir, lakin son aylarda ölkədə siyasi və iqtisadi vəziyyət daha da pisləşib, ərzaq qiymətləri kəskin artıb və hökumətin uğursuz idarəçiliyi və geniş miqyaslı korrupsiya ilə bağlı narazılıqlar daha da artıb.

ABŞ-ın 2018-ci ildə “maksimum təzyiq” sanksiyalarını tətbiq etməsindən sonra İranda dörd il davam edən dərin iqtisadi böhran, yaşayış xərclərinin kəskin artmasına və müxtəlif təbəqələr, özəlliklə də aşağı təbəqələrin geniş miqyaslı aksiyalarına səbəb olub.

İlgili xəbərlər