İranın önəmli polad müəssisələrinə kiberhücum olub

“Yırtıcı Sərçə” adlı haker qrupu bu gün İranın üç böyük polad zavodunu kiberhücumla hədəfə alıb və onlardan birini istehsalı dayandırmağa məcbur edib.
Qrup İsfahan əyalətində yerləşən Mobarəke Polad şirkətinə, İranın cənub-qərbində Əhvaz şəhərinin yaxınlığında yerləşən Xuzistan Polad Şirkətinə və cənubda olan Hormozgan Polad Zavoduna kiberhücum etdiyini bildirib.
İranın ikinci ən böyük polad istehsalçısı olan Xuzistan Polad Şirkəti, “texniki problemlərə görə” fəaliyyətlərini müvəqqəti olaraq dayandırdığını bildirib.
Hazırda zavodun veb səhifəsinə giriş mümkün deyil.
İnqilab Keşikçiləri Korpusuna bağlı Tasnim xəbər agentliyi zavodun icraçı direktoru Əmin İbrahimiyə istinadən iddia edib ki, şirkətin istehsal xətti hazırda işləyir və internet saytında, eləcə də informasiya kanallarında yaranan qısa fasilə tezliklə aradan qaldırılacaq.
O, kiberhücumun uğursuz olduğunu və “vaxtında görülən tədbirlər” sayəsində istehsal xətlərinə heç bir ciddi ziyanın dəymədiyini iddia edib.
Son aylarda İranın müxtəlif dövlət qurumları və əhəmiyyətli strateji-iqtisadi mərkəzlərinə kiberhücumlar artıb.
Ayın əvvəlində “Çevrilişə Qədər Qiyam” adlı haker qrupu Tehran bələdiyyəsinin 5000-dən çox müşahidə kamerasını, 150 onlayn xidmət saytını sıradan çıxarmışdı. Onların bəzilərinin fəaliyyəti hələ də bərpa edilməyib.