Tehran valisi: abort mərkəzlərinə qarşı tədbir görülsün, əsas problem “Allaha güvənsizlik”dir

Tehran valisi İranda doğum səviyyəsinin azalması ilə bağlı “əsas” problemin insanların “uşağın ruzisinin yetirməsi“ məsələsində Allaha güvənməmələri olduğunu deyib.
Möhsün Mənsuri həmçinin hüquq-mühafizə orqanlarının Tehrandakı abort mərkəzlərinə qarşı tədbir görmələrini istəyib.
O əlavə edib ki, İranda abortların sayı “illik təxminən 370 mindir və indiki doğum nisbəti ilə müqayisədə düşündürücü rəqəmdir”.
Tehran əyalətinin Əhalinin Strateji Şurasının katibi Saleh Qasimi də İranda hər il qanunsuz olaraq 370 min abort icra edildiyini qeyd edib.
“Hər il ölkədə 370 min abort olur ki, onların əksəriyyəti cinayət məsuliyyəti daşıyır və qanunsuz olaraq icra edilir. Abort hallarının yalnız 3.5-4 faizi qeyri-dini münasibətlərlə, qalanları isə arzuolunmaz və planlaşdırılmamış hamiləlik kimi faktlarla bağlı olur”, – deyə Qasimi bildirib.