Amnesty International: İran tanınmış hüquq müdafiəçisinə işgəncə verir

Beynəlxalq Əfv Təşkilatı (Amnesty İnternational) deyir ki, İran mükafat qazanmış hüquq müdafiəçisi Nərgiz Məhəmmədiyə lazımi tibbi xidməti göstərməkdən imtina edərək ona işgəncə verir.

İnsan haqları təşkilatı bildirib ki, ağciyər və ürək xəstəliyindən əziyyət çəkən Məhəmmədi iyunun 23-də nəfəs darlığı və ürək döyüntüsü problemi keçirdikdən sonra Qərçək qadın həbsxanasının xəstəxanasına aparılıb.

Paytaxt Tehrandan 40 kilometr cənubda yerləşən Qərçəkdə sağlamlıq və sanitar şərait, siyasi və vicdan məhbuslarının bir çoxunun saxlanıldığı Evin kimi həbsxanalarla müqayisədə çox pisdir.

O, xəstəxanadan həbsxanaya qayıtdıqdan sonra həbsxana rəhbərliyi “Məhəmmədiyə tələb olunan bəzi dərmanları verməkdən imtina edib”,  təşkilatin bəyanatında bildirilir.

Onun Parisdə yaşayan həyat yoldaşı Tağı Rəhmani bu həftənin əvvəlində həbsxana rəhbərliyini ailəsi tərəfindən Məhəmmədiyə ağciyər xəstəliyinin müalicəsi üçün göndərilən dərmanları qəsdən saxlamaqda ittiham edib.

Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan Nərgiz Məhəmmədi, yanvarın sonlarında keçirilən beş dəqiqəlik məhkəmə prosesində, qondarma siyasi ittihamlarla İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən 8 il həbs və 70 şallaq cəzasına məhkum edilib.

Məhəmmədi bundan əvvəl də insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı dinc fəaliyyətinə görə dəfələrlə həbsə salınıb.

İlgili xəbərlər