İlham Əliyev İbrahim Rəisi ilə görüşüb

İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.
Görüşdə Azərbaycan prezidenti iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayıb.
“Bir sıra məsələlərlə bağlı çox yaxşı irəliləyiş var, xüsusilə nəqliyyat, energetika və digər sahələrdə. Ona görə əminəm ki, bugünkü görüşdən sonra da əlaqələrimizin inkişafına növbəti təkan veriləcək və qardaş xalqlarımızın birgə gələcəyi təmin ediləcək. Xalqlarımızın ortaq tarixi münasibətlərimiz üçün çox gözəl təməldir”, – dövlət başçısı bildirib.
İran Prezidenti Seyid İbrahim Rəisi isə qarşılıqlı görüşlərin iki tərəfli münasibətlərin inkişafına təkan verəcəyini xatırladıb və əlavə edib: “İki ölkə arasında münasibətlərin potensialı hazırda mövcud olandan daha çoxdur. Hesab edirəm ki, biz münasibətlərimizdə olan bir çox potensialdan tam istifadə edə bilməmişik. Düşünürəm ki, iki ölkə arasındakı siyasi, iqtisadi münasibətlər, ticarət, mədəniyyət əlaqələri mövcud olan vəziyyətdən daha da inkişaf etdirilə bilər”.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün iyunun 29-da Türkmənistana səfər ediblər.