İranda 1 gündə 10 nəfər edam edilib

İyunun 29-da Kərəcin Rəcaişəhr zindanında 10 məhbus edam edilib. Bu barədə İran İnsan Haqları Fəallarının xəbər portalı olan “HRANA” məlumat yayıb.
Edam olunanlardan 8-nin qətldə, ikisinin isə cinsi zorlamada günahlandırılaraq edama məhkum edildiyi bildirilir. Edam olunanlar barədə İran məhkəmə sistemi və rəsmi dövlət mediası məlumat yaymayıb.
BMT-nin hesabatına görə, İranda yanvar-mart ayları arasında 105 nəfər edam edilib.
Qeyri-hökumət təşkilatlarının topladığı məlumatlara istinad edən hesabatda 2020-ci ildə İranda 260 nəfərin, 2021-ci ildə isə 14-ü qadın olmaqla ən azı 310 nəfərin edam edildiyi bildirilib.
Qeyd edək ki, İranda icra edilən edam cəzalarının 88%-i barədə rəsmi açıqlama verilmədiyi üçün hüquq müdafiəçiləri bunu “gizli edamlar” adlandırırlar.
Buna görə də, ölkədə həyata keçirilən edamların rəsmi statistikada göstərildiyindən dəfələrlə çox olduğu güman edilir.