SEPAH-a yaxın kanal generalın saxlanılmasını təsdiq edib

 

SEPAH-a yaxın “Əmmariyyun” Telegram kanalı İnqilab Keşikçiləri Korpusunun briqada generalı Əli Nəsirinin saxlanılmasını təsdiq edib.

Daha əvvəl, Amerikanın “The New York Times” qəzeti mənbələrinə istinadən Nəsirinin  İsrailə casusluqda şübhəli bilinərək həbs edilidiyini bildirib.

Qəzetin yazdığına görə, SEPAH-ın “Ənsar-əl-Məhdi” birləşməsinin keçmiş komandanı Nəsirinin həbsi İsrailə aid edilən bir sıra əməliyyatlar nəticəsində İran rəhbərliyi səviyyəsində “artan inamsızlıq” mühitini nümayiş etdirir.

“Ənsar-əl-Məhdi” birləşməsi ölkədə siyasi şəxsiyyətlərin, eləcə də hava limanlarının mühafizəsinə cavabdeh olan birləşmədir.

Qəzet habelə yazıb ki, Nəsirinin həbsi İranda Müdafiə Nazirliyinin raket proqramının onlarla əməkdaşının “məxfi məlumatların İsrailə sızdırılması” şübhəsi ilə tutulmasından 2 ay sonra baş verib.

“Əmmariyyun” Telegram kanalı xəbəri təsdiq edərək hadisənin yeni olmadığını qeyd edib:

“General Əli Nəsiri əslində 3 il əvvəl 15 digər hərbçi ilə birlikdə məxfi məlumatları xaricə sızdırmaq və 3 təhlükəsizlik rəsmisinin ölkədən qaçmasına yardım etmək ittihamı ilə SEPAH-ın kəşfiyyat xidməti tərəfindən saxlanılıb”.

İlgili xəbərlər