İranda VPN biznesinin dövriyyəsi 14 milyon dollara çatır

Əksər populyar sosial şəbəkələrin bloklandığı İranda VPN proqramlarının satışı gəlirli bizneslərdən birinə çevrilib.
“Tejaratnews” xəbər saytının verdiyi məlumata əsasən, ölkədə hər ay 50 milyard tümən dəyərində VPN proqramları satılır.
Beləliklə VPN biznesinin illik dövriyyəsi 600 milyard tümənə (14 milyon dollar) bərabərdir.
Qeyd etmək lazımdır ki, İranda İnstagram istisna olmaqla, Twitter, Youtube, Facebook, Telegram və digər bu kimi populyar sosial şəbəkələr rəsmi olaraq bloklanıb.
İnsanlar həmin şəbəkələrə daxil olmaq üçün VPN proqramlarından istifadə etməyə məcburdurlar.
Ölkədə 40 milyon istifadəçisi olduğu təxmin edilən ən populyar sosial media xidməti olan Telegram, 2018-ci ildə qadağan olduqdan sonra, bir çox istifadəçi telefonlarına VPN proqramları yazaraq bu messencerdən istifadə etməyə davam edir.
İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi iki gün əvvəl VPN satışının qeyri-qanuni olduğunu, nazirliyin bunun qarşısını almağa çalışdığını bildirib.