İranda dondurmaya çəkilən “əxlaqsız” reklam yenidən qalmaqala səbəb oldu

İranda “Domino” adlı dondurma şirkətinin çəkib İnstagramda yerləşdirdiyi reklam videosu növbəti dəfə qalmaqala yol açıb.

Ölkədə şəriət qanunlarının tətbiqi və icrasına nəzarət edən “Əmr Be Məruf” qərargahının hüquqi məsələlər üzrə direktoru Cəfər Sadeqməneş bildirib ki, qərargah reklam videosunda “qadının ləyaqətini təhqir və əxlaqsızlığı təbliğ etdiyi” üçün şirkətdən Tehranın Baş Prokurorluğuna şikayət edib.

Sadeqməneş deyib ki, qərargah daha əvvəl şirkətin rəhbərini çağırıb ona xəbərdarlıq etmişdi, lakin həmin şəxs  belə reklam çarxlarının bir daha çəkilməməsinə söz verdiyinə baxmayaraq “qadını aşağılayan əxlaqsız” reklam çəkməyə davam edib.

Bir müddət əvvəl də şirkətin reklam videosu radikal dindarların və İran hakimiyyətinə yaxın medianın etirazına səbəb olmuşdu.

Həmin media orqanları videoda dondurmanı yeyərək reklam edən xanımın rəftarlarını “erotik” və “seksual” adlandırıb və şirkətin rəsmi qaydada üzr istəməsini tələb etmişdi.

Həmin vaxt şirkət sözügedən videonu sosial media hesabından silməyə məcbur olmuşdu.

İlgili xəbərlər