Əmir Əbdullahian: İran və Azərbaycan anlaşılmazlıq dövrünü geridə qoyub

Tehran və Bakının anlaşılmazlıq dövrünü geridə qoyduğunu vurğulayan İran xarici işlər naziri son aylarda iki ölkə arasında ticarət dövriyyəsində sıçrayış olduğunu qeyd edib.

Hüseyn Əmir Əbdullahian bu gün Tehranda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında həmçinin iki ölkə arasında münasibətlərin xoşməramlı, qarşılıqlı etimad və maraqlar əsasında dərinləşməsini bildirib.

İranlı nazir, bu gün Bayramovla görüşdə Azərbaycan Respublikası başda olmaqla ölkələrin ərazi bütövlüyünü vurğuladıqlarına toxunub və Tehranın bir daha Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyini qeyd edib.

Əmir Əbdullahian, daha sonra Araz çayının ekologiyası ilə bağlı məsələlər ətrafında da azərbaycanlı həmkarı ilə danışıqlar apardığını bildirib.

O həmçinin bildirib ki, İranın energetika naziri gələn həftə Azərbaycana səfər edəcək və səfər zamanı Xudafərin bəndinin istismarı ilə bağlı addımlar atılacaq.

İran, Türkiyə və Azərbaycan Respublikası xarici işlər nazirlərinin üçtərəfli görüşünün Tehranda keçiriləcəyinə işarə edən Əmir Əbdullahian Azərbaycan Prezidenti İlham Əliyevin də Tehrana səfər edəcəyini bildirib.

İlgili xəbərlər