Adı sanksiyalar siyahısında olan İran təyyarəsinin Ərbil hava limanına enməsinə icazə verilməyib

İrandan gələn sərnişin təyyarəsinin İraq Kürd Bölgəsəl idarəçiliyində olan Ərbil Beynəlxalq Hava Limanına enişinə icazə verilməyib.
Ərbil hava limanının rəisi Əhməd Hoşyar açıqlamasında İran təyyarəsinin lazımi icazələrin almadığını bildirib.
O bildirib ki, onlara uçuşa 15 dəqiqə qalmış məlumat verilib. Təyyarədə olan sərnişinlərin milliyyətləri ilə bağlı məlumatlarının olmadığını qeyd edən Hoşyar, təyyarənin Bağdada istiqamətləndirildiyini və Bağdad Beynəlxalq Hava Limanına eniş etdiyini bildirib.
Təyyarə Güney Azərbaycanın qərbində yerləşən Urmiya hava limanından qalxıb və İranın Puya Air hava yolları şirkətinə aiddir.
Puya Air, təyyarələri ABŞ tərəfindən sanksiya siyahısına salınan aviaşirkətlərdən biridir. Amerika bu şirkətləri SEPAH-ın Qüds Qüvvələri ilə “silah daşımaq” üçün əməkdaşlıqda ittiham edir.